Rövşən Nəcəfin uğursuz 11-liyi

  • 5 Mart 2025, 15:31

Rövşən Nəcəfin AFFA-dakı prezident kürsüsündə 11 ayı tamam oldu. Eyni zamanda, yaxın günlərdə AFFA-nın 2024-cü il üçün illik hesabat konfransı da keçiriləcək. Bu, bizə son 11 ay ərzində Azərbaycan futbolunda baş verən dəyişiklikləri, xərclənən vəsaitlər fonunda əldə edilən nəticələri təhlil etmək üçün unikal bir fürsət təqdim edir.

Görək, bu 11 ay ərzində yeni AFFA rəhbərliyi hansı real inkişaf dinamikası nümayiş etdirib?

Nəcəfin AFFA-dakı 11 ayı əsasən 11 uğursuz məqamla yadda qalıb. Bunlar Azərbaycan futbolunun real vəziyyətini və AFFA rəhbərliyinin səmərəsizliyini açıq şəkildə göstərir:

1. Milli komandanın nəticələri daha da pisləşdi. Federasiyada edilən dəyişikliklər nəticələrə təsir etmədi. Milli komanda uğursuz çıxışını davam etdirdi və reytinqdə daha da gerilədi.

2. Azarkeşlərin stadionlara marağı artmadı. Milli komandanın oyunlarında tribunalar yenə də boş qaldı.

3. Yerli çempionatın səviyyəsi yüksəldilmədi. 

4. Premyer Liqa oyunları da boş tribunalar önündə keçirildi.

5. Uşaq futbolunda inkişaf görülmədi. Yeni sistemlər qurulmadı. Uşaq futbolunun kütləviləşməsi və keyfiyyətinin artması ilə bağlı real addımlar atılmadı.

6. Hakimlik qalmaqalları davam etdi.

7. AFFA-nın idarəetmə fəlsəfəsi qeyri-müəyyən qaldı. Yeni rəhbərlik fərqli idarəetmə yanaşması ortaya qoya bilmədi. AFFA-nın içində sistemsizlik və qeyri-müəyyənlik hökm sürdü.

8. Şəffaflıq və hesabatlılıq problemi həll olunmadı. Xərclərin səmərəsiz istifadəsi ciddi narahatlıq yaratdı.

9. İnkişaf strategiyası yazıldı, icra prosesi ilə bağlı detallar uzandı. Yeni rəhbərlik bir sıra sənədlər hazırlasa da, bu sənədlər real icraata çevrilməsi gecikdi.

10. Beynəlxalq arenada uğursuzluqlar davam etdi. Aşağı yaş üzrə milli komandalar beynəlxalq turnirlərdə heç bir ciddi uğura imza atmadı.

11. AFFA mexaniki idarəçilik modelini davam etdirdi. Futbola yeni nəfəs gətirən islahatlar aparılmadı.

AFFA-nın vitse-prezidentləri – Elşad Nəsirov, Balaş Qasımov, Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvləri geridə qalan 11 ay ərzində AFFA-nın idarəetmə sistemində hansı dəyişikliklərə imza atdılar? Faktlar göstərir ki, hər şey eyni qalıb.

AFFA rəhbərliyi nə qədər hesabat konfransı keçirsə də, cüzi də olsa, real nəticə yoxdur. Əgər bu federasiyanın əsas missiyası sadəcə mexaniki idarəçilik və imitasiyadırsa, onda Azərbaycan futbolunun gələcəyindən danışmağa dəyməz.

Nə qədər ki, futbol menecmentinə müasir yanaşma gətirilməyib, planlaşdırma, kütləvi inkişaf mexanizmi konkret hədəflər üzərində qurulmayıb, Nəcəfin "yubileyləri" yalnız formal hesabatlarla qeyd ediləcək.

Azərbaycan futbolunun səviyyəsinə real təsir edən fundamental dəyişikliklər yoxdur. Görülən işlər statistikaya rəqəm artırmaqdan başqa bir şey deyil, çünki nəticə sıfır olaraq qalır.

Mirələm HƏSƏNLİ


Paylaş: