"Sumqayıt" davamını gətirə biləcəkmi?

  • 10 İyun 2024, 18:35

“Neftçi”nin avrokuboklardan kənarda qalması nə qədər gözlənilməz oldusa, “Sumqayıt”ın məhdud büdcə ilə hədəfə çatması da bir o qədər sürpriz nəticə kimi qarşılandı.

Ötən mövsüm Aleksey Baqanı Samir Abasovla əvəzləyən “Sumqayıt” rəhbərliyi bu nailiyyətlə bir il əvvəlki günahını yumuş oldu.

Mükafatçılar sırasına düşə bilməsə də, avrokuboklar uğrunda sona qədər mübarizə və arzulanan sonluq “Sumqayıt” üçün mövsümün yaxşı keçdiyini deməyə əsas verir.

“Gənclik şəhəri” təmsilçisinin daha da irəli getməsi üçün nə lazımdır? – Avropa turnesində uğurlu perfomans əlbəttə ki, yaxşı büdcə tələb edir. Yeni mövsüm üçün daxili hazırlıqlara start verilməsi hiss olunsa da, hələlik klubun qarşısına hansı məqsəd və hədəflərin qoyulduğu açıqlanmayıb.

Samir Abasovun iddialı məşqçi olması aydın məsələdir. Lakin kuluarlarda klubun prezidenti Riad Rəfiyevin postunda qalıb-qalmayacağı barədə söz-söhbətlər var.  Dəqiq informasiya olmasa da, bu barədə hər hansı təkzibedici açıqlamalara da rast gəlməmişik.  Yaxşı olar ki, yayılanlar dezinformasiyadırsa, klub tərəfindən buna rəsmi mövqe bildirilsin.

Üzdə görünən odur ki, “Sumqayıt” rəhbərliyi Samir Abasovla mübariz və baxımlı oyun nümayiş etdirən komanda yarada bilib. Davamı gələcəkmi?

Sportlife.az


Paylaş: