"Məğlub olsaq da, sona qədər mübarizə apardıq"

  • Dünən, 13:12

"Təəssüf ki, hücumların sonluğunu gətirə bilmədik və adi səhvdən qol buraxaraq məğlub olduq".

Sportlife.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya seçməsinə uduzduqları (0:1) ikinci yoldaşlıq oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis komandadan razı qaldığını bildirib:

“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi. İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi. Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmədik və adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.

Qeyd edək ki, noyabrın 28-də keçirilən görüşdə də Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.

 

Paylaş: