
Milli komandada qəribə çağırışlar – Santuş nəyə əsaslanıb?
Futbol üzrə Azərbaycan milli komandası yeni mərhələyə qədəm qoyur. Baş məşqçi Fernandu Santuş qarşıdakı Haiti və Belarusla yoldaşlıq oyunları üçün millinin heyətini açıqlayıb. 25 futbolçunun bir çoxunun dəvəti gözlənilən idi, lakin siyahıda bəzi qəribəliklər də diqqətdən qaçmadı. Görünür, Santuş taktiki balans və forma məsələsindən çox, bəzi fərqli meyarlara əsaslanıb.
Birinci Liqadan "Qəbələ"nin yarımmüdafiəçisi Şahin Şahniyarovun milliyə dəvət alması müsbət hadisədir. Bu, yerli futbolun inkişafı baxımından Santuşun perspektivli futbolçulara verdiyi önəmi göstərə bilər. Amma Premyer Liqada parlayan və mövsüm ərzində stabil performans sərgiləyən bəzi oyunçuların kənarda qalması qəribə və məntiqsiz görünür.
Məsələn, Rüfət Abdullazadə. 24 yaşlı futbolçu çətin mövsüm keçirən "Səbail"in hücüm xəttindəki əsas silahlarından biri olub. Komandanın 27 oyunda vurduğu 21 qoldan 9-na (5 qol, 4 assist) birbaşa töhfə vermək hər futbolçunun bacaracağı iş deyil. Yəni "Səbail"in qol məhsuldarlığının təxminən 45%-i birbaşa Abdullazadənin ayağından keçib. Amma nədənsə Santuş milliyə onu yox, 27 oyunda 41 top buraxan və çempionatda sonuncu olan "Səbail"in müdafiəçisi Mert Çeliki dəvət edib. Burada hansı məntiqin işə düşdüyü sual doğurur.
Bununla da bitmir. "Səbail"in qapıçısı Əlirza Müştəbazadə də son oyunlarda qurtarışları ilə komandasını qollardan xilas edib və fərdi performans baxımından diqqətçəkən çıxış edib. Amma Santuş milli komandaya Əlirzanı yox, zədədən təzəcə sağalan və klubunda oyun praktikasından uzaq olan Rahil Məmmədovu dəvət edib. Bir aydan çoxdur meydanda görünməyən bir müdafiəçi hansı formada ola bilər? Görünür, burada formadan çox şəxsi seçimlər və əvvəlki münasibətlər əsas götürülüb.
"Neftçi"dən Murad Məmmədov və "Şamaxı"dan Edqar Adilxanov kimi bu mövsüm özünü yaxşı tərəfdən göstərən futbolçuların diqqətdən kənarda qalması isə siyahının strateji yox, daha çox fərdi seçimlərə əsaslandığını göstərir. Əvəzində "Sabah"ın iki futbolçusu – Rəhman Daşdəmirov və Xəyal Əliyev, "Zirə"dən İsmayıl İbrahimli və "Neftçi"dən Ağadadaş Salyanski kimi seçimlər müsbət qiymətləndirilə bilər.
Santuşun siyahısında məntiqdən çox, sanki müəyyən "gözləntilər" əsas götürülüb. Əgər məşqçinin məqsədi millini formalaşdırmaq və potensialı olan futbolçulara şans verməkdirsə, onda Abdullazadə, Müştəbazadə və Adilxanov kimi oyunçuların siyahıdan kənarda qalması məntiqlə izah edilə bilməz. Əgər məqsəd sırf eksperiment və rotasiyadırsa, onda zədədən təzəcə sağalan Rahilin milliyə çağırılması tamamilə ziddiyyətlidir.
Azərbaycan futbolunda milli seçimin hər zaman məntiqdən çox "tanış simalara" əsaslandığını bilirik. Amma Santuşun bu cür qərarları milli komandanın uzunmüddətli inkişafına necə təsir edəcək? Haiti və Belarusla yoldaşlıq oyunları strategiyanı yoxlamaq və komandaya dinamika qatmaq üçün ideal şansdır. Lakin bu siyahı ilə Santuş "eksperimentdən" çox, müəyyən maraqların məhsulunu təqdim edibmiş kimi görünür.
Santuş əlindəki oyunçuları hansı sistemdə və necə yerləşdirəcək? Əsas məqsəd taktiki sabitlik, yoxsa fərdi çıxışlar olacaq? Əgər Santuş "qurmaq" yox, "uydurmaq" yolunu seçəcəksə, onda bu matçlar millidə yenidənqurma yox, sadəcə formal çıxış kimi yadda qalacaq. Haiti və Belarusla oyunlar Santuşun təkcə futbol fəlsəfəsini yox, həm də seçiminin məntiqini ortaya qoyacaq.
Sportlife.az