"Gələn ilə hədəflərim daha böyükdür"
"Zirə"nin uğurlu mövsüm keçirən futbolçusu Ceyhun Nuriyev Sportlife.az-a mövsümün gedişi və şəxsi hədəfləri barədə danışıb:
- Ceyhun artıq “Zirə”nin əsas heyət üzvlərindən birinə çevrilmisən. Mövsüm sənin üçün necə keçir?
- Mövsüm mənim üçün pis başlamayıb. Hər oyun oynayıram və qol, assist etməyi bacarıram. Ancaq yetərli deyil mənim üçün. Məqsədim daha çox qola xeyir verməkdi.
- Mövsüm sizin üçün Avrokuboklarda uğurlu çıxışla başladı. Sonra Premyer Liqada müəyyən eniş dövründən sonra ardıcıl 3 oyundur qələbə qazanırsınız. Bu mövsüm üçün komandanın hədəfləri nələrdir?
- "Zirə" həmişə yuxarı yerlərə oynayan komanda olub. Bu il də eyni məqsədlə oynayırıq. Konkret hədəf dördüncü dövrədə bilinəcək.
- Artıq 2024-cü ilin sonuna yaxınlaşırıq. Bu ili sənin üçün ən uğurlu il adlandırmaq olar?
- Fikrimcə uğurlu il oldu. Avrokubok təcrübəsi qazandım. Millidə ilk dəfə əsas heyətdə şans tapdım və uğurlu oyunlarım oldu. Gələn ilə hədəflərim daha böyükdür.