"Nəticələr yaxşı deyil, reallığı qəbul edirəm"

  • 19 Fevral 2025, 14:57

"Səbail"in qapıçısı Əlirza Müştəbazadənin Sportlife.az saytına müsahibəsi

- Son 5 oyunda forma şansı qazanmısınız. Əvvəl niyə oyunlara start heyətində başlamırdınız? Neçə turdan sonra sizə şans verildi?

- Buna hörmətlə yanaşıram. İstər meydanda olduğum oyunlarda, istərsə də kənarda komandamıza əlimdən gəldiyi qədər dəstək olmuşam. Bundan sonra da dəstəyim davam edəcək.

- Son vaxtlar diqqətçəkən qurtarışlarınız olur. Bu haqda nə deyə bilərsiniz?

- Hər oyunda daha yaxşısını edib, qapını toxunulmaz saxlamağa çalışıram. Bu, tək mənim deyil, bütün qapıçıların məqsədidir. Öz üzərimdə çalışıb, daha yaxşısını etmək istəyirəm. Hədəfim həm öz performansımı artırmaq, həm də komandama faydalı olmaqdır.

- "Neftçi"də 4-cü qapıçı idiniz, "Səbail"də isə əsas qolkipersiniz. Karyeranızda nələr dəyişdi?

- Gedişata baxdığımız zaman karyeramda irəliləyiş olduğunu deyə bilərik. Bunadək aşağı liqalarda mübarizə aparan komandalarda çıxış etmişəm. “Səbail”ə keçid mənim üçün karyeramda irəliləyiş baxımından uğurludur.

- Komandanızın builki çıxışı barədə nə düşünürsünüz?

- Təəssüf ki, hazırda istədiyimiz yerdə deyilik. Bəzi oyunlarda yaxşı oynasaq da, nəticə ürəyimizcə olmadı. Oyun baxımından çox yaxşı komandayıq. Baxımlı futbol nümayiş etdiririk. Lakin nəticəyə gəldikdə, reallığı qəbul edirəm. Amma bunu deyə bilərəm ki, son pillədə olmağa layiq deyilik.

- Tribunadan müşahidələrimizə əsasən deyə bilərik ki, azarkeşlər sizə güvənir...

- Göstərdikləri dəstəyə görə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Hər oyunda yanımızda olublar. İnşallah, komandamızın nəticələri düzələcək və biz onları sevindirəcəyik. Çünki “Səbail” azarkeşi buna layiqdir. 

- "Səbail" sonuncu pillədədir. Sizcə, komanda turnir cədvəlində irəliləyə biləcək? Buna gücünüz çatacaq?

- Əlimizdən gələni edib, növbəti oyunlarda qələbə qazanmaq istəyirik. Birlikdə daha yaxşısını edib, son pillələrdən uzaqlaşacağımza inanıram.

AkiF ƏHMƏDOV


Paylaş: