"Hər bir futbolçu “Neftçi”də oynamaq istəyər" - MÜSAHİBƏ

"Hər bir futbolçu “Neftçi”də oynamaq istəyər" - MÜSAHİBƏ

  • 19 May 2023, 17:33

"Şamaxı"nın və Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov Sportlife.az saytına müsahibə verib. 

 

- Bu mövsüm gözlənilmədən “Zirə”dən “Şamaxı”ya icarəyə verildin. Bu, sənin üçün gözlənilməz deyildi?

- Futbolçu karyerası belədir. Gediş-gəlişlər olur. Əsas olan dəyişikliyin futbolçu üçün yaxşı və xeyirli olmasıdır. Məncə “Şamaxı”ya keçməyim mənim üşün çox xeyirli oldu. Burda çox şeylər öyrəndim. Bu komandada inkişaf etdiyimi düşünürəm.

 

- Premyer Liqanın başa çatmasına 2 tur qalıb. Özün üçün mövsümü necə dəyərləndirirsən?

 - Mövsümü ümumilikdə çox müsbət dəyərləndirərdim. Dediyim kimi, “Şamaxı”da oynamağımın gələcək karyeram üçün çox böyük xeyir verəcəyini düşünürəm. Burda qazandığım təcrübə ilə gələcəkdə daha da yaxşı olacağıma inanıram.

 

- “Şamaxı”nın Premyer Liqanı tərk etmək təhlükəsi davam edir. Səncə, liqada qala biləcəksiniz?

 - Hamımızın istəyi liqada qalmaqdır. Bunun üçün bütün gücümüzlə çalışırıq. Son oyuna qədər mübarizəmizi davam etdirəcəyik. İnanıram ki, məqsədimizə çatacağıq.

 

- “Şamaxı”dakı icarə müddətin başa çatır. Növbəti mövsüm üçün planın nədir?

 - Növbəti mövsüm barədə düşünmək hələ tezdir. Çünki “Şamaxı”da 2 oyunum qalıb. Bütün fikrimi bu oyunlara yönəltmişəm. Mövsümü yaxşı başa vurduqdan sonra bu barədə rahat fikirləşməyə vaxtım olacaq.

 

- “Zirə” rəhbərliyi ilə bu haqda danışıqlarınız olub?

 - Oyunlar başa çatandan sonra gələcək barədə rahat danışmaq üçün vaxtımız olacaq.

 

- Ölkənin ən perspektivli gənc futbolçularından sayılırsan, milli komandanın üzvüsən. Karyeranı ölkədən kənarda davam etdirmək barədə düşünürsən?

 - Futbola başladığım gündən ən böyük istəyim, hədəfim legioner həyatı yaşamaqdır. Bunun üçün çalışıram və inanıram ki, bu hadisə mənim karyeramda baş verəcək. Ölkəmi ən yaxşı şəkildə təmsil etmək istəyirəm.

 

- Təkliflər yoxdur?

- Konkret təklif yoxdur. Düzdü, maraqlanırlar, soruşurlar, amma hər hansı rəsmi təklif almamışam.

 

- Maraqlanan klublar hansılar idi?

 - Bir neçə variant var idi. Ancaq öz gələcəyimi o komandalarda görmədim deyə davam etmədik. Çünki mən bir addımımı yox, ondan sonrakı addımlarımı da fikirləşməliyəm. İndi elə bir dönəmdəyəm ki, düzgün qərar verməliyəm. Elə seçim etməliyəm ki, inkişafdan qalmayım, gedəcəyim yerdə də inkişafım davam eləsin. Ona görə də, mənim üçün ən yaxşı və düzgün olan variantın üzərində dayanmaq istəyirəm.

 

- Bir müddət əvvəl adın “Neftçi” ilə yanaşı hallanırdı...

 - Bəli, mən də bu barədə mətbuatdan oxumuşdum. “Neftçi” böyük klubdur. Ən köklü klublarımızdan biridir. Durumundan, vəziyyətindən asılı olmayaraq məncə hər bir futbolçu “Neftçi”də oynamaq istəyər. Əgər təklif olsa, əlbəttə ki, müzakirə etməyə dəyər. Amma yenə də deyirəm, sadəcə bir addımımı yox, növbəti addımlarımı da fikirləşməliyəm. Çünki mənim elə yaşımdır ki, oynamalıyam, inkişaf etməliyəm.

 

- Ümumiyyətlə Premyer Liqa klublarından təklifin varmı?

 - Bəli, bir komanda var idi. Bu yaxınlarda əlaqə yaratmışdılar. Amma ad çəkmək istəmirəm. Fikrimi öyrəndilər. Mən də bildirdim ki, hal-hazırda yalnız “Şamaxı”dakı son 2 oyuna köklənmişəm. Oyunlar başa çatdıqdan sonra danışa bilərik.


Paylaş: