"Uşaqlardan və valideynlərdən pul alırlar"

  • Bu gün, 11:54

Uşaqlardan ibarət "Young Pro" klubunun baş məşqçisi Emin Süleymanovun Sportlife.az saytına müsahibəsi

- Klubunuz nə vaxt fəaliyyətə başlayıb?

- Klubumuz 2019-cu ildən fəaliyyət göstərir. İlk məşqimizə 2019-cu ilin dekabr ayında başlamışıq. O vaxtlar 3-4 tələbəmiz var idi. Sonradan artmağa başladı. Bizdən sonra akademiyaya gedən uşaqlar da oldu. Akademiyadan qayıdan uşaqlar da olub. Futboldan anlayışı olan valideynlər uşaqlarını yenidən bizim məşqlərimizə cəlb ediblər. 

- Niyə məhz "Young Pro"?

- Biz kluba ad fikirləşəndə turnirlərə qoşulacağımızı bilmirdik. Çünki futbolçumuz yox idi. Bir neçə xeyirxah valideyn öz ciblərindən kluba dəstək oldu. Turnirlərin 4-5 günlük təcrübəsi, Azərbaycanda uşaqların liqalardakı 1 illik oyun təcrübəsindən daha çoxdur.

- Yəni, ad seçimi təsdüfi deyil...

- Özümüz istədik ki, ad "Young Pro" olsun. Beynəlxalq ad olsun. Xaricdəki turnirlərə gedəriksə, rahat tələffüz olunsun.

- Ölkədən kənarda keçirilən turnirlərə qatılmısınız?

- Bəli, artıq 4 turnirdə iştirak etmişik. Klubumuzu bir çox ölkədə tanıyırlar. Mənə tez-tez xarici turnirlərdən dəvət gəlir. Ötən gün İtaliyadan dəvət gəldi. Bu, bizim, ölkəmiz və uşaqlarımız üçün çox qürurvericidir.

- Klubun xərclərini necə qarşılayırsınız?

- Bütüm xərcləri özümüz qarşılayırıq. Başqa ölkələrə gedəndə bizdən soruşurlar ki, dövlət sizə yardım edirmi? Çünki başqa ölkələrdə klub əgər dövləti təmsil edirsə, özəl olsa da, yardım olunur.

- İlk dəfə xarici turnirdə nə vaxt çıxış etmisiniz?

- Bizim ilk turnirimiz 2023-cü ildə Batumi şəhərində oldu. Uğurlu çıxış etməsək də, uşaqlar üçün yaxşı təcrübə oldu. Həm idman, həm də dünyagörüşü baxımından uşaqlara çox xeyri oldu. 

- Başqa hansı turnirlərdə mübarizə aparmısınız?

- İkinci dəfə də eyni turnirdə iştirak etdik. Azərbaycanda məşqçilər var ki, turnirlərə gedirlər, amma nə olduğu bilinmir. Uşaqlardan və valideynlərdən pul alırlar. Bir növ aldatmaqla məşğuldurlar. Biz heç bir uşaqdan 1 manat belə, pul yığmırıq. Bu bizim əqidəmizə və qaydalarımıza uyğun deyil. Getdiyimiz turnirlər rəsmi, tarixi olan yarışlardır. "Liverpul", "Çelsi", "Herta", "Borussiya" (Dortmund) kimi klublar da bizim getdiyimiz turnirlərdə iştirak edirdilər. 

- Sonuncu dəfə hansı yarışda iştirak etmisiniz?

- Litvadan dəvət gəlmişdi. Baxdıq ki, birbaşa reys yoxdur. Amma təklifə də "yox" demək istəmirdik. Valideynlərlə danışdıq və Litvaya yollandıq. Bu turnir də çox maraqlı keçdi. Uşaqlar həm oranın futbolu, həm də mədəniyyəti ilə tanış oldular. Latviya, Almaniya, Estoniya, Finlandiya və Gürcüstandan komandalar çıxış edirdi. Biz çətin qrupa düşmüşdük. Çətin komandalarla mübarizənin təcrübə cəhətdən uşaqlara çox xeyri oldu. Biz qrupda 3 oyunda da məğlub olduq. Uduzduğumuz 2 komanda finala kimi getdi. Sonda "Herta" çempion oldu. Onların göstərdiyi futbol inanılmaz idi. Əgər fiziki göstəriciləri imkan versə, onlar bizim 17-18 yaşlılarımızı məğlub edərlər. Çox bacarıqlı uşaqlar idi. Ümumilikdə 5 matç keçirdik. 4 oyunda məğlub olduq, 1 qarşılaşmada isə qələbə qazandıq. 

AKİF ƏHMƏDOV


Paylaş: