"Zirə"nin hücumçusu: "İndiki mövqeyimizdən razı olduğumu deyə bilmərəm" - MÜSAHİBƏ
"Zirə"nin futbolçusu Salifu Sumanın Sportlife.az-a müsahibəsi:
- İlk dəqiqədə qol vurmaq necə bir hiss idi? Bu qolu əvvəlcədən planlaşdırmışdınmı?
- Əlbəttə ki, məmnunam. Bu, mənim üçün həqiqətən çox yaxşı oldu. Bəli, keçən ilin yekunlarını nəzərdən keçirərək bu mövsüm daha güclü qayıtmağa qərar vermişəm.
- Mövsümün 6 turu ərzində iki qol vurmusan və bütün oyunlarda meydanda olmusan. Performansını necə dəyərləndirirsən?
- Mövsümün əvvəlində mənim üçün 2 qol vurmaq çox yaxşıdır. Çempionat hələ yeni başlayıb. Asan olmasa da, bu mövsüm komandanın inkişafı üçün əlimdən gələni edəcəyimə əminəm.
- "Zirə" turnir cədvəlində 5-ci yerdədir, lakin bir oyun az keçirmisiniz. Bu, komandanız üçün necə nəticədir?
- Şəxsən mən indiki mövqeyimizdən razı olduğumu deyə bilmərəm. Amma bilirəm ki, mümkün olan ən qısa zamanda daha da güclü olub, daha çox xallar qazanacağıq.
- "Neftçi" üzərində qələbə qazanmaq sizə və komandanıza əlavə motivasiya verdi?
- Bəli, biz bilirik ki, belə oyunlarda qələbə qazanmaq əhval-ruhiyyəni yüksəldir və digər oyunlar üçün motivasiyanı artırır. Çünki “Neftçi” böyük klubdur və üç xal qazanmaq özünəinamı yüksəldir.
- Mövsümün əvvəlində gözləntiləriniz necə idi və hazırkı durum gözləntilərinizlə nə qədər üst-üstə düşür?
- Hədəfimiz Avropada oynamaq, daha çox irəli getmək idi. Lakin təəssüf ki, hər şey planlaşdırdığımız kimi getmədi. İndi yalnız Premyer Liqadakı oyunlara baxmalıyıq.
- Komandanızın performansını necə dəyərləndirirsən?
- Dediyim kimi, hazırda çempionatda 5-ci pillədəyik. Ümid edirik ki, layiq olduğumuz yeri tutacağıq.
- "Zirə" çempionatın daha yüksək pillələrinə yüksəlməsi üçün hansı addımlar atılmalıdır?
- Möhkəm birlik nümayiş etdirərək əl-ələ verməli və zirvəni ələ keçirmək üçün çalışmalıyıq.
- Səncə, Azərbaycan Premyer Liqasında rəqabət nə qədər güclüdür?
- Bu, çətin, fiziki, taktiki bir çempionatdır. Burada oynamaq mənə məmnunluq verir.