Polşada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub
Polşa Qılıncoynatma Federasiyası Poznan şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv edib.
Sportlife.az xarici mətbuata istinadla xəbər verir ki, yarışın ləğv edilməsinə Rusiya qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.
Rusiyalı və belaruslu qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.
Aprelin 21-23-də Poznanda keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışları “Paris-2024”ə təsnifat xarakteri daşıyırdı.
Qeyd edək ki, bir neçə gün əvvəl Danimarka Qılıncoynatma Federasiyası eyni səbəbdən Kopenhagendə beynəlxalq turniri, Fransa Qılıncoynatma Federasiyası Sen-Mor-de-Fosse şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv etmişdi.