Qurban Qurbanov: "Futbolçularımın mükafatlandırmaya çıxmaları bəs edir"
- Kubokun finalı yaxşı, baxımlı, dinamik oyunla mövsümə damğa vurdu. Azarkeşlərimizə təşəkkür edirəm. Qarşımızda dinamik, istəkli komanda var idi. Sona qədər təslim olmadılar. "Zirə" çox ağıllı müdafiə olunurdu. Onlara bu gün alqış düşür, çox yaxşı sezon keçirdilər. Rəhbərliklərinə də uğurlar arzulayıram. Futbolçularım çempionluğu və kuboku qazandılar. Çox uğurlu sezon keçirdik. Çox böyük işlər gördülər. Uğurdan sonra bəzən istər-istəməz futbolçularda istək azalır. Amma çalışacağıq istəyi çoxaldaq ki, yeni sezon daha yaxşı olsun.
Sportlife.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun final görüşündən sonra keçirilmiş mətbuat konfrasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
- Maksim Medvedevdən başqa bugünkü matç kimin üçün sonuncu oldu?
- Maksim karyerasını bitirdi. Hansısa ayrılıq olsa, klub tərəfindən açıqlanacaq. Burada deməyim düzgün çıxmaz.
- Son illərdə mükafatlandırma mərasimində olmamağınızın səbəbi nə idi?
- Elə bir səbəbi yoxdur. Sadəcə futbolçular haqq edirlər bunu. Say çox olur. Həmişə məni görürsüz, qarşınızda oluram. Futbolçularımın mükafatlandırmaya çıxmaları bəs edir.
-İkinci dueldə də Rəşad Sadıqov sizə uduzdu. Onun komandasının sizi udması üçün neçə il lazımdır?
- Bu suala necə yanaşım bilmirəm. Hesabda uduzdular, amma... Onların büdcəsi ilə bizim büdcəmiz eyni deyil. Amma onların performansını görürsünüz. Ölkə çempionatına baxsaq, qrandlarımız 3-4-cü yerləri tutdu, Rəşad Sadıqovun komandası isə ikinci yeri. Dərindən düşünsək, çox böyük iş gördü. Bu gün də bu büdcə ilə ikinci olub, kubokda finala çıxdılar, son dəqiqələrdə uduzdular. Bu qalibiyyət kimi nəticədir. "Zirə"nin fəaliyyətinə, büdcəsinə görə bəlkə də Rəşad bizə qalib gəldi.