
"Bizə yaraşmayan məğlubiyyət oldu"
Azərbaycan Premyer Liqasının VIII turunun “Sabah” – “Zirə” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Oyunu dəyərləndirmək çətindir. 6 aya yaxın idi ki, məğlub olmurduq. Sonuncu dəfə ötən mövsüm “Qarabağ”a uduzmuşduq. Nə vaxtsa məğlub olacağımızı bilirdik. Lakin bizə yaraşmayan məğlubiyyət oldu. İlk hissənin sonlarında buraxdığımız ardıcıl qollar oyunun qırılma nöqtəsi idi. İkinci hissədə cəhdlər etdik, amma olmadı. Rəqib əks-hücumda bizi cəzalandırdı. Qələbəni necə tez unutmağa çalışırıqsa, məğlubiyyətə də bu reaksiyanı verməliyik.
– Son vaxtlar belə zəif oynamamışdınız…
– Bəli, mövsümün ən zəif oyununu oynadıq. Heyətdə 6-7 futbolçunu itirmişik və yerlərini doldurmaq çətin olur. Bu, bəhanə deyil. Boşluqları doldurmaq çətindir. Çalışdıq, İsmayıl İbrahimli və Ceyhun Nuriyevin itkisi gözlənilməz oldu.
– Millinin son oyunundan sonra Şahruddin Məhəmmədəliyev cəzalı duruma düşdü. Qarşıdakı oyunlarda Aydın Bayramova şans verib, onun milliyə yolunu açmağı düşünürsünüz?
– Fikrimiz var. Son qərarı oyundan əvvəl verəcəyik.