
"Bu gün kim qazandı, kim itirdi, demək çox çətindi"
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Sportlife.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Oyun haqda nəsə demək çox çətindir. Bu mövsüm oynadığımız oyunlar çox qəlizdir. Oyunun içində xeyli anlaşılmaz şeylər oldu. Çox top itkisinə yol verdik. Fürsət rəqibə keçdi və qol vurdu. Fasilədə uşaqlarla söhbət etdik və nələrisə dəyişmək istəyirdik. Müdafiəçimizin səhvi ucbatından qol buraxdıq. Bu gün kim qazandı, kim itirdi, demək çox çətindir. Bu, elə bir oyundur ki, sən heç bir reaksiya verə bilmirsən. Çox danışdıq, çox planlar qurduq. Lakin futbolçularımızın meydanda fərqli qərar vermələri çox qəribədir. Bəlkə də bu həftə çox yaxşı məşq edə bilmədik. Özüm də heç nə deyə bilmirəm. Oyuna baxmalıyıq. Komandanı qol vurmaq üçün hazırlayırsan və daha çox basqı yaratmağı düşünürdük. Nəyə görə bu qədər itkiyə yol verdik? Bunu başa düşə bilmirəm. Rəqibin qol vurması da bizim səhvimiz ucbatından oldu. Bizim günahımızdır. Səbəb də axtarmaq istəmirəm.
Vensan Abubakarın gəlməsi, təbii ki, komandaya müsbət təsir göstərəcək. Hər bir futbolçuya yanında keyfiyyətli oyunçu görmək yaxşı təsir edər. Onu hücum xəttində olan problemlərimizi həll etmək üçün gətirmişik.
Hər xal üçün, qalib gəlmək üçün vuruşuruq. Öz meydançamızda qalib gəlmək istəyirdik. Azarkeşlərimiz də çox yaxşı dəstək oldular. Lakin son dövrlərdə qərarlarda çox tələskənik. Hər an hər şey dəyişə bilər. Biz günü-gündən yaxşı olmalıyıq, xal qazanmalıyıq. Lakin, əfsuslar olsun ki, bu gün bunu edə bilmədik”.