"Deyirlər sponsorumuz yoxdur, bəs, bu qədər transfer necə edilir?"

  • 14 Fevral 2025, 11:57

"Azərbaycanın ikinci ən böyük şəhərinin Premyer Liqada təmsil olunmaması faciə olar".

Bu sözləri Sportlife.az-a açıqlamasında keçmiş futbolçu Vidadi Rzayev deyib.

O, Premyer Liqada qalmaq uğrunda mübarizənin iki komanda arasında getdiyini bildirib: "Çempionat başlayanda heç kim inanmazdı ki, "Kəpəz" Premyer Liqada qalar. Adil Şükürovun baş məşqçilik dönəmi bitdikdən sonra komandada dəyişikliklər oldu. Gəncə klubu neçə illərdir çox yararsız transferlər edir. Məncə, Premyer Liqada qalmaq uğrunda mübarizə "Səbail" və "Kəpəz" komandaları arasında gedəcək. "Şamaxı" digərlərinə nisbətən daha yaxşı çıxış edir. Arzu edərdik ki, "Kəpəz" liqada qalsın. Əks halda bu, faciə olar". 

Rzayev "Kəpəz"də illərdir dəyişiklik görmədiyini söyləyib: "Neçə illərdir eyni ssenari görürəm. Hər il 13-14 legioner transfer olunur. Düzgün transfer siyasəti apara bilmirlər. "Kəpəz" Premyer Liqaya yüksələndən bəri bu, belədir. Bu rəhbərlik dəyişməsə, onlar hər il Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlar. Deyirlər sponsorumuz yoxdu. Bəs, bu qədər transferlər necə edilir? Burda da sual yaranır ki, bu maliyyə hardan gəlir?".


Paylaş: