Kaşkilya: "Hər şey büdcədən asılı olacaq"
"İmişli" Azərbaycan Premyer Liqasının XVII turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.
Sportlife.az xəbər verir ki, nominal meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Nəticəyə görə ruhdan düşmüşük. Çünki yaxşı oyun nümayiş etdirdik. Nəticə fərqli olmalı idi. Oyun çox çətin keçdi. "Araz-Naxçıvan"ın yeni baş məşqçisi olduğu üçün komanda çox motivasiyalı idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Rəqib güclü komandadır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Oyun bərabər şəraitdə keçdi. Hər iki komanda mübarizə apardı. Bütün qollar standart vəziyyətdən vuruldu. Əlavə olunmuş dəqiqələrdə qol buraxmaq üzücüdür. Biz bu gün qələbəyə daha yaxın idik.
- Bəzi klublara heyətə düşməyən futbolçuları icarəyə götürməklə bağlı müraciət etdiyiniz və mənfi cavab aldığınız deyilir. Nəyə görə belə alındı?
- Qış transfer pəncərəsində oyunçu gətirmək çox çətindir. Bu çətinliklərə görə futbolçu transfer edə bilmədik.
- Dioqo Almeydanın adı "Turan Tovuz"la hallanır. Onun mümkün gedişinə hazırsınız?
- Bu sual klub rəhbərliyinə verilməlidir. Biz məşqçi olaraq əlimizdə olan futbolçularla işləməliyik. Almeyda hazırda bizim oyunçumuzdur.
- Hakimliklə bağlı fikirləriniz necədir? 2:1 öndə olarkən penalti gözlədiyiniz epizod var idi...
- Penaltiyə oxşayırdı. Amma epizodun təkrarı verilmədi. Ona görə də dəqiq cavab verə bilmərəm.
- Son illər Portuqaliyanın II Liqasından Azərbaycana gələn futbolçular burada uğurlu olur. Siz bir portuqaliyalı olaraq növbəti mövsüm üçün "İmişli"yə ölkənizdən oyunçu gətirməyi planlaşdırırsınız?
- Hazırda o barədə düşünməyin yeri yoxdur. Çünki bizim əsas məqsədimiz bu mövsümün sonuna qədər nəticələr qazanmaqdır. Hər şey büdcədən asılı olacaq. Portuqaliyada maaş daha yüksəkdir. Gələcəkdə bu barədə düşünəcəyik.