Kapitan: "Sabah"a güc göstərəcəyik"

  • Bu gün, 12:32

"Quba"nın kapitanı Zaur Paşayev klubun mətbuat xidmətinə müsahibə verib.

Sportlife.az həmin müsahibəni təqdim edir:

- "Quba" son matçda "Sumqayıt"a məğlub oldu. Bu görüşdə məğlubiyyətə əsas səbəbi nədə görürsünüz?
- Oyuna yaxşı başlamışdıq. Sadəcə matçın sonlarında oyun rəqibə tərəf keçdi. Düzdür, xal hesabında önə çıxırdıq. Lakin "Sumqayıt" da bizə çatırdı. Sonda da oyunu əldən verdik. Oyunçularımız da yoruldu. Atışlarımız sonlarda alınmadı, nəticədə uduzduq.

- Bu gün "Lənkəran"la qarşılaşacaqsınız. Görüşdən gözləntiləriniz necədir?
- Təbii ki, bu oyuna qalibiyyət üçün çıxacağıq. ABL-də asan və zəif rəqib yoxdur. Hər bir komanda sona qədər mübarizə aparır. "Lənkəran"a qarşı da yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik.

- Komanda hazırda B qrupunda 4-cü pillədədir. Daha yaxşı yerdə olmaq üçün komandaya nə mane olur, yoxsa hazırkı pillə də sizi razı salır?
- Ən azından 3-cü pillədə olmaq istəyərdik. Çünki belə olan halda, pley-off mərhələsində "Naxçıvan"la düşə bilərik. O da bizə sərf edir. Bu komanda ilə pley-off mərhələsində mübarizə aparmaq olar. 3-cü pillədə yerimizi bərkitməliyik ki, "Naxçıvan"la düşək. Hər halda, necə alınacağını görəcəyik.

- Necə düşünürsünüz, "Quba"nın ev oyunlarında hansısa üstünlüyünüz olur? Ümumiyyətlə, ev oyunlarında yəqin ki, hər zaman daha çox azarkeşin gələcəyini gözləyirsiniz?
- Demək olar ki, ev oyunlarımıza azarkeş gəlmir. Təəssüf ki, belədir. Orada basketbolla məşğul olan balaca uşaqlar var, onlar gəlib bizə dəstək göstərirlər. Amma çox azarkeş olmur. Qubada Cəlilabaddakı kimi azarkeş yoxdur. Cəlilabadda həmin klubun ev oyunlarına 300-500 adam gəlirdi. Çünki orada basketbolu çox sevirlər. Qubada da yavaş-yavaş sevdirməyə çalışacağıq. Görək də, nə vaxt azarkeş gələcək. Ümid edirəm ki, gəlib bizə dəstək olarlar. 

- Ölkə kubokunda "Naxçıvan" səddini keçdiniz və növbəti mərhələdəsiniz. Rəqib isə "Sabah" olacaq. Şanslarınızın neçə faiz olduğunu düşünürsünüz?
- Bəli, "Naxçıvan"ı keçdik. Onlar da yaxşı, güclü komandadır. Həmin matçda yaxşı oyun göstərib, qalib gəldik. Növbəti mərhələdə "Sabah"la oynayacağıq. Onlarla da nə qədər gücümüz çatsa, mübarizə aparacağıq. Sonra necə olacaq bilmirəm. Lakin biz meydana hər zaman qələbə üçün çıxırıq, uduzmaq üçün yox. Qalib gəlməyə çalışacağıq. Alınmasa belə, "Sabah"a güc göstərəcəyik. "Sabah" çox güclü komandadır, büdcəsi, oyunçuları çox güclüdür. Çalışdığımız qədər yaxşı oynayacağıq ki, maraql ımatç olsun.

- Bu mövsümkü "Quba"nı ötən mövsümkü komandadan daha güclü olduğunu düşünürsünüz? Gənc yerli basketbolçuların səviyyəsində yaxşı mənada hansısa dəyişiklik olduğunu fikirləşirsiniz?
- Keçən ilki oyunçular çox güclü idi. Amma komanda oyununu çox oynaya bilmirdik. Bu mövsüm daha çox kollektiv oyun göstəririk, bir-birimizi çox gözəl başa düşürük. Bu il gələn oyunçuların demək olar ki, hamısı Avropada oynayıb, Avropa basketbolunu bilirlər deyə, komanda oyunu oynamaq alınır. Biri Kiprdə, biri Gürcüstanda çıxış edib. Ötən il isə 3 oyunçumuz ABŞ-dən gəlmişdi deyə, komanda oyunu oynamırdılar. Onu da məcbur etdirirdim ki, komanda oyunu oynayaq. Builki uşaqlar isə komanda oyunu oynamaqda çox yaxşıdırlar. Hədəfimiz bu il "səkkizliy"ə düşməkdir.


Paylaş: