"Səbail"in sükanındakı köhnə əllər
Mövsümün əvvəlində “Səbail”in Premyer Liqaya qayıdış hədəfi real və əsaslı görünürdü. İlk turlar bu iddianı gücləndirmişdi: nəticələr vardı, oyun vardı, ən əsası isə inam hiss olunurdu. Zaman keçdikcə mənzərə dəyişdi. Bu gün həmin iddianı müdafiə etmək əvvəlki qədər asan deyil.
"Səbail" rəhbərliyi yenə harda səhv edir?
Bu klubu Premyer Liqadan aşağı endirən sükan arxasındakı əllər dəyişməyib. Büdcə var, heyət var, şərait var. Birinci Liqa üçün bunlar artıq lüks sayılır. Bəs nəticə? Nəticə bu imkanlara uyğun deyil. Deməli, problem yalnız futbolçu və ya məşqçi seçimləri ilə izah oluna bilməz.
Əsas problem sistemdədir. Qərarların yanlış vaxtda verilməsi və proseslərin doğru oxunmaması “Səbail”in əsas bəlasıdı. “Səbail” rəhbərliyi isə hələ də özünü güzgüdə böyük görür...
Kiçik detallardan yaxşıca istifadə edən "Şəfa" isə sakit-sakit irəliləyir.
İndi həmin rəhbərlik klubu ötən mövsüm qazdıqları çuxurdan çıxarmaq üçün baş sındırmalıdır. Yoxsa "Şəfa" Premyer Liqaya yol açan birbaşa vəsiqəni "Səbail"ə hədiyyə etməyəcək.
Futbolda ikinci şans olur, amma eyni səhvlərə bəraət verilmir...
Mirələm HƏSƏNLİ