Şahin Diniyevdən qələbə şərhi
“Gərgin oyun alındı. Bu il qələbə qazanmamışdıq. Ona görə də futbolçularda psixoloji təzyiq var idi. Bu vəziyyətdən çıxmalıydıq”.
Sportlife.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 22-ci turunda “Kəpəz”i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis komandasının qələbəsini belə şərh edib: “İlk hissədə havaya görə oynaya bilmirdik. Futbolçular qaçmaqda çətinlik çəkirdilər. Əvəzetmələrimiz uğurlu oldu. Bizim üçün çox vacib qələbə idi”.
Diniyev yeni transferlərin bir qədər zamana ehtiyac duyduqlarını bildirib: “Zədəlilərdən və yeni gələnlərdən sonra stabil heyəti qura bilmirik. Yeni oyunçuların üçü də yaxşıdır. Amma onlara zaman lazımdır. Qərara aldım ki, bu futbolçular oyunu gücləndirə bilər. Uğurlu əvəzetmələr oldu”.
“Səbail”in çalışdırıcısı son zamanlar Yadin Luqasiyə az şans verməsinin səbəbini belə izah edib: “Müdafiə planında bir az axsayır. Bu gün Anasın olmaması oyunumuza çox təsir etdi. O, meydanda qara işləri görəndir. Luqasi də gənc oyunçudur. Öz şansını gözləyir”.
O, “2024-cü ildə ilk qələbənizi qazandınız. Başınızın üzərindəki "qara buludlar"ın dağıldığını düşünmək olar?” sualını belə cavablandırıb: “Bu gün hava yaxşı idi. Artıq orta sıralarda möhkəmlənmişik. 3 illik layihəmiz var. Hər il daha da irəli getməyi hədəfləyirik. Qara buludların olacağını düşünmürəm”.
Diniyev klub rəhbərliyi ilə mütəmadi müzakirələr apardıqlarını vurğulayıb: “Müqavilə mənim üçün heç bir önəm kəsb etmir. Mənim istədiyim yaxşı komanda qurmaqdır. Alınmasa, müqaviləm 5 il olsa da, çıxıb gedərəm. Rəhbərliklə mütəmadi görüşürük. Planlarımızı, çatışmayan nüansları deyirik”.
Mütəxəssis 3 illik layihəyənin detallarını da açıqlayıb: “Akademiyanın köçürülməsi, stadionumuzun ot örtyünün dəyişdirilməsi planları var. Şəhərdən kənarda iki ədəd təbii örtüklü meydança salınacaq. Əhmədlidə akademiyamız üçün bina tikilib”.
Ş.Diniyev legioner limitinin dəyişdirilməsinə də toxunub: “Klubların sayı artarsa, limitin artmasına razıyam. Amma bu gün Azərbaycan futbolunu düşünməliyik. Milli komanda necə olacaq? İndiki halda hazırkı limitin qalmasının tərəfdarıyam”.