Ağacan Abiyev təltif edildi

  • 7 Mart 2025, 15:37

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclasında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən tədbirdə həmçinin cari məsələlər müzakirə edilib.

Daha sonra Çingiz Hüseynzadə Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Milli Olimpiya Akademiyasının prezidenti, Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyevə AOK-un “Olimpiya çələngi” mükafatını təqdim edib.

Ağacan Abiyev AOK-un mükafatına görə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan qələbələr bundan sonra da uğurla davam edəcək.

İclasda idmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftahəttdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Ağacan Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışmış və mükafat alması münasibətilə onun təbrik ediblər.

Qeyd edək ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat MOK-un baş katibi Azər Əliyevə təqdim edilmişdi.


Paylaş: