"Nyukasl"dan "Qarabağ" xəbərdarlığı
“Nyukasl” "Qarabağ"la oyuna görə Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib.
Sportlife.az xəbər verir ki, müraciət İngiltərə klubunun rəsmi saytında yayımlanıb.
Burada turistlərin səfəri ilə bağlı mühüm informativ məlumatlar yer alıb. Eyni zamanda klub azarkeşlərini yerli adət-ənənələrə hörmət etməyə çağırıb.
"Nyukasl" xüsusən tərəfdarların Azərbaycanda gözlənilən Ramazan ayı ilə bağlı qaydalara diqqət etməsini tövsiyə edib. Bildirilib ki, Ramazan ayının fevralın 17-si axşam saatlarında başlaması, 18 fevral səhərindən etibarən isə orucun tutulması gözlənilir və yerli sakinlərə, mədəniyyətə hörmətlə yanaşılmalıdır.
Müraciətdə həmçinin tarixi məkanlar və abidələr ətrafında davranışa xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə Şəhidlər Xiyabanının həssas məkan hesab olunduğu qeyd olunub, burada hörmətsiz və ya narahatlıq yaradan hərəkətlərin yolverilməz olduğu qeyd edilib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Nyukasl" matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.