“Qarabağ” intizamlı, istəkli idi"
UEFA Çempionlar Liqasının VII turunun “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra qonaq komandanın məşqçisi Dennis Şmitt jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Çox qaçmalı olduq. Tez qol buraxdıq. Qələbə qazanmaq istəyirdik, tez qol buraxdıq, amma buna reaksiya verdik. Hesabı bərabərləşdirəndən sonra oyuna tarazlıq gəldi. 2 komandanın da şansları var idi. 2-ci hissədə “Qarabağ” pressinq edirdi. Önə keçsək də, tez hesabı bərabərləşdirdilər. 2:2-dən sonra “Qarabağ” yenidən təzyiqi artırdı. Fərdi mübarizələrdə uduzduq. Bu matçı təhlil edib, nəticə çıxaracağıq.
– Bu mövsüm ən çox qol vuran və buraxan komandasınız. Belə çətin vəziyyətdə Çempionlar Liqasında debüt etmək, bugünkü oyundan məğlubiyyətlə ayrılmaq gələcəyinizə necə təsir edəcək?
– Klubda qalacağam. Məsələ atdığımız addımlar, buraxdığımız səhvlərdir ki, araşdırmalıyıq. Gələcəkdə daha yaxşı oyunlar göstərməliyik.
– Almaniya komandaları avrokuboklarda ilk dəfə Azərbaycan klubuna uduzdu. Bu, sizin üçün nə deməkdir?
– Bugünkü oyun haqda danışa bilərəm. “Qarabağ” intizamlı, istəkli idi. Səhvimizdən istifadə edib, qələbə qazandılar.
– Komanda inamlı görünmürdü. Bu inamı qaytarmaq üçün nə etmək lazımdır?
– Fikrinizə hörmətlə yanaşıram. Lakin bu gün meydanda can qoyduq. İnamsız və ya zəif olduğumuzu deməzdim. Vaxtımız az idi. 75-ci dəqiqədə artıq öndə idik. Lakin sonradan baş verənlər o deməkdir ki, hardasa səhv etmişik.
– Oyunda hansı problem var idi?
– Analizlərdən sonra deyə bilərəm. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik.
– Komanda çətin dönəmlərdən keçir. Komandanı bu vəziyyətdən necə çıxarmağı düşünürsünüz?
– Məğlubiyyət uşaqların halını pozdu, narahatdırlar. Təhlillər aparacağıq. Pozitiv məqamları da nəzərə alıb, növbəti oyunlara fokuslanacağıq.
– Azərbaycan klubuna məğlubiyyət faciə kimi qarşılanacaq?
– Faciə deyil. Çempionlar Liqasında hər komanda keyfiyyətlidir. Bu gün də meydanda 2 güclü komanda var idi.
– Bakıda məşq keçmədiyiniz üçün peşmanlıq hissi var?
– Xeyir.