DİN İdman Cəmiyyətinin üzvləri mükafatlandırıldı - FOTOLAR

  • 29 Dekabr 2025, 21:17

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində 2025-ci ilin idman nəticələrinə görə  Avrasiya Kombat Ciu-Citsu Federasiyası tərəfindən mükafatlandırma mərasimi keçirilib. 

Sportlife.az xəbər verir ki, mərasimdə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi Rəsul Məmmədov çıxış edib. O, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti, xalqına olan sevgi və gənclərin gələcəyi üçün qayğı nümunəsi kimi qeyd edib. 

Rəsul Məmmədov, həmçinin çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qəhrəmanlığı  nəticəsində əldə edilən Qarabağ Zəfərinin əhəmiyyətindən danışaraq, onun müasir dövlətçilik  tarixində buraxdığı müstəsna təsirini bildirmiş, qələbənin əldə edilməsində ölkədə gənclərin vətənpərvər ruhunda böyüməsində dövlətin həyata keçirdiyi məqsədyönlü  siyasətin nəticəsində əldə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra tədbir iştirakçılarının bir qrupuna federasiyanın fəxri plaketləti təqdim edilib. 

Mükafatlandırma mərasimində Avrasiya Kombat Ciu-Citsu Federasiyasının 1-ci vitse-prezidenti Bəxtiyar Şıxzadəyev və 2-ci vitse-prezidenti Məğrur Əhmədov iştirak ediblər.

Mükafat alanlar sırasında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri, cüdo üzrə Olimpiya mükafatçısı, polis polkovniki Mövlud Mirəliyev, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təlim-idman şöbəsinin rəisi, kikboksinq üzrə dünya çempionu, polis polkovnik-leytenantı Eduard Məmmədov, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik tərbiyəsi sektorunun müdiri  Elşən Hüseynov, nazirlin  baş məsləhətçisi Coşqun Hidayətov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi, kombat ciu-citsu üzrə Avropa və Dünya çempionu İlahə Vəliyeva, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin məşqçi-müəllimi Eldar Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsinin təlimçi-metodisti  Ramin Yusifov və “Biləcər” idman klubunun məşqçisi Rəis Orucov olub.

Tədbirin sonunda xatirə fotoları çəkilib.


Paylaş: