Oman millisi Bakıya gələcəkmi?
Yaxın Şərqdə davam edən hərbi gərginlik FIFA Series – 2026 turnirinə təsirsiz ötüşməyib.
Sportlife.az xəbər verir ki, bəzi millilər təhlükəsizliklə əlaqədar səyahətə qarşıdır.
Qazaxıstanda təşkil olunacaq yarışda çıxış etməli olan Küveyt yığması artıq rəsmən turnirdən imtina edib. Bu səbəbdən Qazaxıstan, Komor adaları və Namibiya komandaları dairəvi sistem üzrə bir-biriləri ilə qarşılaşacaqlar.
Həmçinin başqa millilərin də müxtəlif ölkələrdə baş tutacaq FIFA Seriesdən imtinası istisna edilmir. İştirakı sual altında olanlar arasında Azərbaycandakı turnirə qatılacaq Oman seçməsi də var. Omanlılar əvvəlcə ölkəmizə gəlməyə tərəddüdlə yanaşsa da, FIFA ilə danışıqlardan sonra turnirə qatılmaq qərarına gəlib.
Qeyd edək ki, Bakı və Sumqayıtda təşkil olunacaq FIFA Seriesdə Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya yığmaları mübarizə aparacaq. Oyunlar martın 27-də və 30-da baş tutacaq.