Keçmiş "Neftçi"lidən "Qarabağ" etirafı

  • Dünən, 14:43

“Neftçi”nin sabiq futbolçusu, Qazaxıstanda “Ordabası” klubunda da oynamış Mamadou Mboc UEFA Çempionlar Liqasında çıxış edən “Kayrat” və “Qarabağ” arasında müqayisə aparıb.

Sportlife.az xəbər verir ki, hazırda Vyetnamın “Tan Hoa” klubunda çıxış edən seneqallı müdafiəçi bu barədə fikirlərini asnews.kz saytına müsabibəsində bildirib.

"Niyə "Qarabağ" Çempionlar Liqasında "Kayrat"dan daha yaxşı çıxış edir?” sualına 32 yaşlı futbolçu belə cavab verib: "Burada əsas amil təcrübədir. Baxın, “Qarabağ” Avropa kuboklarında nə qədər müntəzəm çıxış edir. 5 il ardıcıl belə turnirlərdə oynamaqla, 5 ildən bir iştirak etmək eyni deyil. Düzdür, həm “Qarabağ”, həm də “Kayrat” bu mövsüm boyundan yuxarı tullandı və növbəti 10 ildə bu uğuru təkrarlamaq asan olmayacaq”.

Mboc Ağdam klubunun sistemli idarə olunmasını xüsusi vurğulayıb: "Mənə azərbaycanlıların sistemi çox xoş gəlir. "Qarabağ"a qarşı neçə dəfə oynamışamsa, eyni baş məşqçi və eyni əsas heyət olub. Rəhbərlik hər il cəmi 1-2 futbolçu ilə heyəti gücləndirir, amma əsasən artıq formalaşmış, sabit bir kollektivə malikdirlər".

Afrikalı müdafiəçi 2020/21 mövsümünün son turunda keçirilmiş "Neftçi" - "Qarabağ" matçını da yada salıb: "Çempionatın son turunda "Qarabağ"la qarşılaşdıq. Onlara "qızıl" üçün 1 xal kifayət edirdi, bizi isə yalnız 3 xal qane edirdi. 90-cı dəqiqədə vurduğumuz yeganə qol bizə çempionluğu gətirdi.

Açığı, əlavə olunmuş vaxtda rəqib öldürücü mövqelərdən qol vurmalı idi və hətta penalti də qazana bilərdi, amma şükür ki, referi reaksiya vermədi (gülür). Ona görə də bu komandanın niyə bu qədər güclü olduğunu çox yaxşı anlayıram".


Paylaş: