"Qarabağ" Braziliya mətbuatında
“Qarabağ”ın bu mövsüm Çempionlar Liqasındakı çıxışı dünya mətbuatının diqqətindən yayınmayıb.
Sportlife.az xəbər verir ki, Braziliya KİV-də Azərbaycan çempionunun uğurlarından bəhs edən geniş məqalə dərc olunub.
Yazıda Ağdam klubunun cari mövsümdəki uğurlu nəticələrində braziliyalı futbolçuların rolu xüsusi vurğulanıb. Əsasən də Kadi və Mateus Silvanın “Qarabağ”ın aparıcı futbolçuları olduğu və bir çox klubun maraq dairəsinə düşdüyü qeyd olunub.
“Qarabağ”da həmişə braziliyalılar aparıcı rol oynayıblar. Bu ilin əvvəlində “Flamenqo”ya satılan Juninyo Azərbaycanda hələ də unudulmur. Təsadüfi deyil ki, klub onun boşluğunu doldura bilməyib. Mateus Silvanın cinah müdafiəçisi kimi qıvraqlığı, driblinqləri daha böyük liqalara layiq futbolçu olduğunu ortaya qoyur. Kadi də meydanda olanda fərq yarada bilir. Komandanın digər braziliyalıları (Dani Bolt, Pedro Bikalyo) hələ yenidirlər. Hər halda, “Qarabağ” Avropada parlayacaq istedadlı braziliyalıları ilə həmişə seçilib”, – deyə məqalədə yazılıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında 6 turdan sonra 7 xalla 22-ci pillədə qərarlaşır.