Əməlsiz meydangir

  • 8 Dekabr 2025, 12:29

Cahangir Fərəcullayev yenə başlayıb. Cümlədə yanlışlıq və anlaşılmazlıq axtarmayın. Vəziyyətin özü elə belədir. 

Başlayıb, ancaq nəyə başlayıb heç özü də bilmir. Bu qədər vaxt, zaman keçib, nəyə haradan başlamalı olduğunu bilmir.

Dünən federasiyasının rəsmi saytında yenə Fərəcullayevin fotolarını yayımlandı. Başlıqda baş katibin bölgələrə səfərlərinin davam etdiyi qeyd olunub. Cahangir bəy strategiyanın icrasının layihə qrupuyla birlikdə futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olub. 

Belə başa düşmək olar ki, AFFA rəhbərliyinin bu səfərləri də tanışlıq xarakteri daşıyıb. Başqa məqsəd? Bu barədə heç bir detal qeyd olunmayıb və şəkil çəkdirib qayıdıblar. 

Cahangir Fərəcullayevin fərqlənməyi sevdiyi aydındır. Veteranlara forma təqdim etməsi, regionlara nəticəsiz səfərlər etməsi ilə həqiqətən də digərlərindən seçilir. Ancaq əməlsizdir. 

Meydangir olmaq müsbət xüsusiyyətdir. Belələri irəli çıxır, danışır və dediklərinə əməl edir. Əməlsiz meydangir isə yalnız danışır, amma heç nə etmir. Cahangir Fərəcullayev nümunəsində gördüyümüz də məhz budur...

Mirələm HƏSƏNLİ


Paylaş: