"Qarabağ" dünya reytinqində gerilədi
Dünya klublarının növbəti reytinq cədvəli açıqlanıb.
Sportlife.az xəbər verir ki, Opta-nın araşdırmasına görə, son cədvəllə müqayisədə Misli Premyer Liqasının iştirakçılarının mövqelərində yerdəyişmə olub.
Azərbaycanın ən reytinqli klubu “Qarabağ” dünya sıralamasında ilk “100-lüy”ü tərk edib. 12 pilləlik geriləmə yaşayan Ağdam təmsilçisi 110-cu sıraya düşüb. Digər klublarımızdan heç biri ilk “300-lüy”ə belə düşə bilməyib.
“Qarabağ”la yanaşı, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ”, “Karvan-Yevlax” və “Kəpəz”də də geriləmə müşahidə olunub. Xüsusən də son 3 komanda 100-dən çox kollektivi özündən irəli buraxıb.
"Zirə”, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “İmişli” və “Şamaxı” isə irəliləyiblər. “İmişli”nin 115 pilləlik yüksəlişi diqqətçəkəndir.
Klublarımızın dünya reytinqində mövqeləri:
110 (-12). “Qarabağ” – 81, xal
400 (3). “Zirə” – 74,9
565 (5). “Sabah” – 72,9
758 (21). “Turan Tovuz” – 70,7
762 (-13). “Araz-Naxçıvan” – 70,7
854 (68). “Neftçi” – 69,9
1228 (115). “İmişli” – 67,0
1408 (-21). “Sumqayıt” – 65,7
1432 (58). “Şamaxı” – 65,5
1525 (-127). “Qəbələ” – 65,0
2098 (-102). “Karvan-Yevlax” – 62,4
2144 (-223). “Kəpəz” – 62,2
Qeyd edək ki, dünya reytinqinə 100,0 xalla İngiltərə klubu “Arsenal” başçılıq edir. PSJ (Fransa – 98,5) 2-ci sıradakı yerini qoruyubsa, “Liverpul” (İngiltərə – 97,5) 3-cü pilləyə yüksəlib. Reytinqdə ümumilikdə 13 min 235 klub sıralanıb.