Qurban Qurbanov niyə bu qədər gərgindir?
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son zamanlarda əvvəlkindən daha gərgin, daha əsəbi və emosional görünür. Onun bu dəyişimi təkcə bir komandanın nəticələri ilə bağlı deyil. Bu, illərlə formalaşmış məsuliyyətin, həm də ölkə futbolunun taleyinə olan ağrılı münasibətin nəticəsidir.
UEFA Çempionlar Liqasının “Atletik”lə oyununda (1:3) Qurbanovun davranışları hər kəsin diqqətini çəkmişdi. Texniki zonada narahat addımlar, Elvin Cəfərquliyevin səhvindən sonra sərt reaksiyası... Oyun bitdikdən sonra isə onun sözləri vəziyyəti daha da aydın göstərdi. O, bəlkə də ilk dəfə rəqib meydanında, başqa bir ölkədə futbolumuzun vəziyyətindən şikayətləndi.
Bu tənqid sadəcə komandasına yox, ümumən Azərbaycan futboluna ünvanlanmış mesaj idi. “Qarabağ”ın “Atletik”ə məğlubiyyətindən sonra klubun daxilində pul cəzası tətbiq edilməsi də Qurbanovun məsuliyyət hissini daha da dərinləşdirdi. O, uğursuzluğu qəbul etmir. Nə özünü, nə də komandasını bağışlamır.
Amma “Atletik”lə oyundakı gərginlik hələ arxada qalmamışdı ki, Premyer Liqada “Şamaxı” ilə matçda da oxşar mənzərə yaşandı. Dani Boltun kobud səhvi Qurbanovun səbrini daşırdı. Texniki zonada onun sərt reaksiyası, əl hərəkətləri və qışqırıqları kameralar tərəfindən aydın şəkildə qeydə alındı.
Bütün oyun boyu Qurbanovun hakimlərə yönəlik narazılığı davam etdi. Hər dəfə epizodun ritmi pozulanda, oyun yavaşıyanda baş məşqçi narazılığını gizlətmədi. Matçdan sonra isə onun sözləri açıq mesaj idi. Əslində, Qurbanov illərdir içində daşıdığı bir ağrını ifadə edirdi.
O, sadəcə “Qarabağ”ın deyil, bütün Azərbaycan futbolunun yükünü daşıyır. Avropada “Qarabağ” adı çəkiləndə artıq hamı bilir: bu klub bir xalqın dirənişinin, mübarizliyinin simvoludur. Və Qurban Qurbanov bu simvolun qoruyucusudur. Hər məğlubiyyət onu təkcə idman nəticəsi baxımından deyil, mənəvi olaraq da sarsıdır. Çünki o bilir ki, “Qarabağ”ın uğuru Azərbaycanın futbol xəritəsində var olmaq uğrunda mübarizəsidir.
Bu gün Qurbanovun əsəbiliyinin, gərginliyinin, narazılığının arxasında sadəcə nəticə təzyiqi dayanmayıb. O, bu komandanı milyonlarla insanın ümidi kimi görür. Dünya “Qarabağ”ı ciddiyə alırsa, bu, illərlə çəkilən əziyyətin bəhrəsidir. Amma bu ciddiyyət eyni zamanda məsuliyyətin artması deməkdir.
Qurban Qurbanov futbolçularından maksimumu tələb edir, çünki bilir ki, hər zəiflik, hər səhv bu qədər əziyyətin üstündən xətt çəkən bir detal ola bilər. O, hakimlərə əsəbləşir, çünki futbolun keyfiyyətinə biganə münasibətə dözmür. Qurbanov narahatdır, çünki illərdir qurduğu sistemin bir anlıq boşluğa düşməsini istəmir. Bilir ki, Azərbaycan futbolunun inkişafı təkcə onun və komandasının deyil, hamının irəli getməsi deməkdir.
Bəli, Qurban Qurbanov bu gün gərgindir. Amma bu gərginlik qorxunun deyil, məsuliyyətin və milli yükün nəticəsidir. Çünki o, Azərbaycan futbolunun bu gün harada olduğunu, sabah hara gedəcəyini hamıdan çox düşünür.