“Qarabağ” “qara zolaq”dadır?
Azərbaycanın Avropadakı yeganə təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində növbəti matçına hazırlaşır. Ağdam klubu bu gün doğma meydanda İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Rəqibin səviyyəsi və Avropa arenasındakı təcrübəsi bu qarşılaşmanı xüsusi maraqlı edir.
Lakin azarkeşlərimizi narahat edən məqamlar var. Rəqibin adı və səviyyəsi bir problemdirsə, digər tərəfdən “köhlən atlar”ın düşərgəsində də vəziyyət yaxşı deyil. Çempionlar Liqasının 3-cü turunda səfərdə “Atletik”ə 1:3 hesablı məğlubiyyətdən sonra “Qarabağ” düşərgəsində müəyyən gərginlik yaranıb. Hətta vəziyyət o yerə çatıb ki, komandanın baş məşqçisi Qurban Qurbanovun futbolçularına qarşı sərt reaksiyalar göstərdiyi müşahidə olunub. Bu hal xüsusilə Premyer Liqada “Şamaxı” (0:0) və “İmişli” ilə matçlarda (2:0) özünü göstərib.
Belə vəziyyətlər mövsüm ərzində bir çox komandaların qarşısına çıxır. Enzo Mareskanın “Çelsi”sində də, digər top-klublarda da zaman-zaman eniş dövrləri müşahidə olunur. Bu “qara zolaq”ların yaranmasına müxtəlif amillər təsir göstərir. Uğurlu seriyalardan sonra yaranan eyforiya, çox sayda oyun keçirən, beynəlxalq fasilələrdə milli komandaya gedən futbolçuların fiziki yüklənməsi və digər oyunçuların oyun praktikasını itirməsi, tonusdan düşməsi balansı poza bilir. “Qarabağ” üçün də bu məqamda emosional, psixoloji və fiziki bərpanın vacibliyi ön plana çıxır.
Qurban Qurbanov dəfərlərlə bu məqamın öhdəsindən gəlib. Onun sahib olduğu təcrübə imkan verir ki, komandanı bu vəziyyətdən çıxara bilsin. Bəlkə “Çelsi” ilə oyunun motivasiyası bu məqamda təcrübəli mütəxəssisə kömək ola bilər.
Turqay