Qurban Qurbanov: "Komandanı hər oyuna istədiyimiz kimi hazırlaya bilmirik"
"Öncə “Zirə”ni Rəşad Sadıqovu təbrik edirəm. Ümumiyyətlə, yaxşı oyun oldu. Azarkeşlər üçün də baxımlı matç idi. Özümüzə gəldikdə, işlərimiz düzgün getmir. Amma bunu normal qarşılayıram. İstəməzdik belə olsun. Lakin hər bir halda dönəcəyik. Bir az komandada disbalans var. Komandanı hər oyuna istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlar idi. Hansı ki, futbolçuların hazırlıq səviyyəsi fərqli idi. Ümumən yaxşı matç keçdi. İstəməzdim futbolçuların üzərinə gedim. Hər bir halda səhvlərimiz var, bunu danmırıq. Düşünürəm ki, “Zirə” layiqli qələbə qazandı. İnşallah ki, qarşıdakı oyunlara hazırlaşacayıq".
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunun "Zirə" ilə matçından (2:3) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– Adətən əvəzetmələrə üstünlük vermirsiz, amma bu gün 5 dəyişiklik oldu. Bu, nə ilə bağlıydı?
– Həm oyunun gedişatıyla, həm də bəzi oyunçuların hazırlığl istədiyimiz kimi deyil. Məsələn, bu gün Yassin Benziayla Abdullah Zubiri heç meydana buraxmaq istəməzdim. Ancaq məcbur qaldıq. Bu futbolçuların istirahətə daha çox ehtiyacı var.
– “Qarabağ” ardıcıl üçüncü məğlubiyyətini aldı. Sonuncu dəfə belə hadisənin nə vaxt olduğunu xatırlamıram…
– Yəqin ki, səhvlərimiz çoxdur. Çatışmazlıqlar var. Ancaq geri dönəcəyik inşallah.
– Yassin Benzianın transferiylə bağlı mətbuatda xəbərlər dolaşır…
– Xeyr, Benzia komandadır.