Rəşad Sadıqov: "Qələbəni qeyd etməyə çox vaxtımız yoxdur
"Olduqca drammatik oyun alındı. İlk hissədə də futbolçularımız yaxşı çıxış edirdi. Təəssüflər olsun ki, 2 qol buraxdıq və hesabda geri düşdük. Amma ikinci hissədə futbolçularım daha da üzərinə qoyub, yaxşı performans göstərməyə başladılar. Uğurlu 3 qol vurduq və vacib 3 xalı qazandıq. Oyunçularımı təbrik edirəm. Qarşıda 3 gün sonra “Araz-Naxçıvan”la ölkə kubokunun 1/8 final oyunumuzdur. Ona görə də qələbəni qeyd etməyə çox vaxtımız yoxdur. Tez bir zamanda oyuna köklənməliyik".
Sportlife.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turunun "Qarabağ" ilə matçından (3:2) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– İkinci hissədə komandanın daha yaxşı çıxış etməsi əvəzetmələrlə bağlı idi yoxsa fasilədə sizin verdiyiniz tapşırıqlarla?
– Qeyd etmək lazımdır ki, “Qarabağ” çox sıx qrafikdə oynayır. 2 gün öncə ağır səfər oyunu və yol… Bu gün gözləyirdik ki, ikinci hissədə “Qarabağ”da dinamika aşağı düşər. Doğrudur, bu gün onu çox da hiss etmədik. Çox fəal idilər. Hətta hesab 0:2 olanda belə 3-cü qol üçün çalışırdılar. Sadəcə olaraq hər şey bizim üçün uğurlu alındı. Futbolçularımın əzmkarlığına görə təşəkkür edirəm. Vacib qələbə idi.
– Səhv etmirəmsə, keçən oyunda da “Qarabağ”a qarşı cinahlardan xüsusi hazırlaşmışdız…
– Detallara varmaq istəmirəm. Müəyyən tapşırıqlar oldu. Qələbə qazandıqda hər şey ideal görünür. Amma məğlub olsaydıq, məyus olacaqdıq. Bu gün 0:3-də məğlub ola bilərdik.