Toşak oğlunun iddialarını təkzib etdi
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşak ona demensiya diaqnozu qoyulduğu ilə bağlı iddiaları təkzib edib.
Sportlife.az xəbər verir ki, 77 yaşlı mütəxəssis oğlunun onun haqqında söylədiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:
Hazırda Kataloniyada yaşayan Toşakın vəziyyəti şəxsən aydınlaşdırmaq üçün El Mundo nəşrinin jurnalistini evinə dəvət edib. Demensiya ilə bağlı suala isə özünəməxsus yumor hissi ilə cavab verib: "Demensiya? Hələ yox! Vurmadığım bütün qolları unutmuşam, amma vurduqlarımın hamısını xatırlayıram".
Qeyd edək ki, Con Toşakın ilk evliliyindən olan oğlu, Taylandın "Buriram Yunayted" klubunda köməkçi məşqçi işləyən 56 yaşlı Kameron mediaya açıqlamasında atasının demensiya ilə mübarizə apardığını bildirib. Lakin Con Toşakın həyat yoldaşı Mai Anqulo qısa zamanda bunu təkzib edib. O, ögey oğlunun iddialarından təəccübləndiyini bildirib və qeyd edib ki, Kameron atasını 2 ildir görmür və onunla yalnız telefonla əlaqə saxlayır. O, həmçinin Toşakın koronavirusa yoluxduqdan sonra səhhətində ciddi fəsadlar qaldığını desə də, bunu birbaşa demensiya diaqnozu ilə deyil, xəstəliyin təsirləri ilə əlaqələndirdiyini bildirib.
Qeyd edək ki, “Liverpul”da 100-dən çox oyun keçirmiş, Uels millisinin heyətində 40 matçda iştirak etmiş Con Benjamin Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda, həmçinin Uels, Şimali Makedoniya yığmalarında fəaliyyət göstərib. Son klubu İranda “Traktor” olan Toşak 2013-cü ildə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik edib və komandaya Azərbaycan Superkubokunu qazandırıb.