Qurban Qurbanov Juninyo barədə: "Gedəcəyi dəqiqləşib"
"Juninyonun gələcəyi hələ tam konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl "Sevilya" ilə razılaşmışdı, sonra "Flamenqo" da təklif göndərdi. Həm meneceri ilə, həm klubların rəhbərlikləri ilə danışıqlar gedir. Yəqin qarşıdakı günlərdə tam bilinəcək".
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacağı gözlənilən Juninyo barədə deyib. O, "Kəpəz"lə keçirilən yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Zədəli futbolçularla bağlı durum nə yerdədir?
- Bədavi Hüseynov hələ komanda ilə məşqlərə başlamayıb. Bəhlul Mustafazadə və Marko Veşoviçə bu gün 20-25 dəqiqə oynamağa şərait yaratdıq. Abdullah Zubirin neçə gündür qızdırması var idi. Ona görə komanda ilə məşqə çıxmayıb. Digərləri yavaş-yavaş tam bərpa olunurlar. Aleksey isayev əməliyyat olunmuşdu. İlk gündən komanda ilə məşqlərə başladı. Ona da ehtiyatlı olmağı tapşırmışdıq. Ayın sonuna kimi hər şey qaydasında olacaq.
- Bu gün gənc oyunçulara şans verdiniz. Onlarla bağlı fikriniz necədir?
- Bir neçə futbolçu bizimlə məşqlərdə daha çox iştirak edir. Amma hələ daha çox çalışmalıdırlar, əsas komandanın oyunçuları ilə məşqlərdə iştirak etməlidirlər. Ümumən istəkli, çalışqandırlar. Məncə, daha diqqətli olmalıdırlar.
- Sizin fikrinizcə, Juninyonun "Sevilya"ya, yoxsa "Flamenqo"ya keçməsi daha yaxşı olar?
- Əlbəttə ki, futbolçunun istəyi çox önəmlidir. Bəlkə bizim üçün "Sevilya"ya getməsi daha maraqlı olardı. Çünki Avropadır, bizə daha yaxındır, köklü klubdur. "Flamenqo"ya gəldikdə, Ronaldinyo kimi futbolçu oradan çıxıbsa, deməli bu klubunda çox yaxşı iş prinsipləri var. Əsas oyunçunun ürəyincə olsun.