İnstaqramda 1 milyondan çox baxış toplayan İrina Zaretska ilə MÜSAHİBƏ

İnstaqramda 1 milyondan çox baxış toplayan İrina Zaretska ilə MÜSAHİBƏ

  • 13 Fevral 2023, 16:31

Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa turnirini bürünc medalla başa vuran Azərbaycanın 26 yaşlı qadın karateçisi İrina Zaretska saytımıza müsahibə verib. 

Sportlife.az müsahibəni təqdim edir:

- Misirdə keçirilən Karate 1 Premyer Liqa turnirində bürünc medal qazandınız. Turnirdəki çıxışınızı necə qiymətləndirirsiniz?
- Bunu mövsümün yaxşı başlanğıcı kimi qiymətləndirmək olar. Yarışdakı bütün döyüşlərimdən razı qaldım. Xüsusilə də mənim fırlanaraq rəqibə ayaqla endirdiyim sonuncu zərbə heyrətamiz və çox möhtəşəm idi. Artıq instaqram səhifəmdə bu zərbəmə baxış sayı 1 milyonu keçib.

- Adətən yarışlardan qızıl medallarla qayıdırsınız. Bürünc medal bu dəfə sizin üçün təəccüblü və ya məyusedici olmadı?
- Karate 1 Premyer Liqa yarışlarında cüdodakı “Böyük Dəbilqə” turnirlərində olduğu kimi yüksək səviyyəli idmançılar iştirak edirlər. Ona görə də belə turnirlərdə medal qazanmaq çox çətindir və istənilən medal nailiyyət hesab olunur.

Məni təəccübləndirən yeganə məqam yarımfinaldakı rəqibimin taktikası idi. Yaxşıdır ki, Avropa çempionatından öncə mən rəqiblərimin taktikalarını təhlil edə bildim.

- Milli komandanın çıxışını necə qiymətləndirirsiniz?

2022-ci ilin sonunda Bakıda keçirilən Premyer Liqa turnirində 3 qızıl və 3 bürünc olmaqla 6 medal qazanmışdıq. Bu ilə 5 bürünc medalla başlayırıq. Bu, çox yaxşı başlanğıcdır. – Əksəriyyətimizin yalnız yarımfinalda uduzduğumuzu nəzərə alsaq, bu o deməkdir ki, növbəti 5 qızıl da ola bilər.


- İndi hansı turnirə hazırlaşırsınız?
- İndi Avropa çempionatına və Avropa oyunlarına hazırlığımı davam etdirirəm. Artıq reytinq üzrə 1 nömrəli idmançı kimi bu yarışlara vəsiqə qazanmışam.

- Bir çox turnirlərin mükafatlarını qazanmısınız. İstədiyiniz və qazana bilmədiyiniz mükafat hansıdır?

Mən bütün mükafatları qazanmışam. Xüsusilə bu siyahıya Tokio 2020 Olimpiya Oyunlarında qazandığım gümüş medalı əlavə edə bilərəm. Məncə belə bir nəticə tezliklə çətin ki, təkrarlansın. Bu göstəricilərə nail ola bilən 2 nəfər var – Mən və Rafael Ağayev. Ancaq ümid edirəm ki, karate ən qısa zamanda yenidən olimpiadaya qayıdacaq.

- Bu yaxınlarda ölkə prezidenti sizə mənzil hədiyyə etdi. Təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik...

Bəli, cənab prezident mənim idman nailiyyətlərimi yüksək qiymətləndirdi və buna görə çox minnətdaram.
Mən çox şadam ki, cənab prezident bizə çox böyük dəstək verir. Ümid edirəm ki, gələcəkdə də yeni nailiyyətlər əldə edib ölkə idmanını inkişafını davam etdirəcəyik.

 


Paylaş: