Bağırovlu "Kəpəz"də səhra dirçəlişi

  • 15 Noyabr 2024, 11:48

Azər Bağırovun rəhbərliyi altındakı "Kəpəz" bir növ dirçəlmə əlamətləri göstərir. Adil Şükürovun vaxtında Gəncə klubunu ruhu ölmüş, fiziki anlamda çökmüş, meydançada sadəcə "dolaşan" bir komanda kimi görürdük. Ancaq Bağırov gəldi və sanki məşqlərdə futbolçulara motivasiya təlimləri keçməyə başladı.

Bağırovun “Kəpəz”də topladığı xalların sayı 7-yə çatıb. Sanki xal sayının artmasının özü də şəhərdə bir azarkeş sevinci dalğası yaradıb. Hər halda, Gəncənin çoxdandır ki, belə "kiçik qələbələrə" sevinməyə ehtiyacı var idi. Yəni, "Kəpəz" bu mövsüm nəinki qalibiyyətləri, hətta heç-heçələri ilə də azarkeşlərini sevindirməyi bacarır. Elə bil, komanda birdən-birə bir "səhra dirçəlişi" yaşayıb, ruhunu tapıb, meydanda 90 dəqiqə vuruşur. Gözlənilməz olsa da, bir şey aydındır – Azər Bağırov gəlişi ilə meydanda daha fərqli "Kəpəz" yarada bilib.

Azər bəy indi özünü xilaskar kimi hiss edə bilər, amma gəlin unutmayaq – "Kəpəz"də sabitlik düşüncəsi hələ icad olunmayıb! Bu klubda hər bir məşqçinin taleyi komandanın hesabındakı rəqəmlərlə və bir qədər də rəhbərliyin zövqü ilə müəyyən edilir. Kim bilir, bəlkə də, bu dəfə də uğursuz məşqçilər siyahısındakı növbəti ad özününkü olacaq.

Bağırov "Kəpəz"i Premyer Liqada saxlaya bilsə, ona bir "çox sağ ol" deyiləcək – Lakin gələn mövsüm bir az axsasa, "Kəpəz" rəhbərliyinin “ənənəvi torba siyasəti” işə düşəcək. Onlar üçün nəticə vacibdir, bəs sabitlik? Yox, sabitlik rəhbərlik üçün elə "mifdir".

Mirələm Həsənli 


Paylaş: