
"Haiti ilə oynamaq inkişaf demək deyil"
Bu gün Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq. Komandamız rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.
Yığmanın keçmiş futbolçusu Vidadi Rzayev matç haqda düşüncələrini Sportlife.az saytı ilə bölüşüb:
"Millimizə uğurlar arzu edirəm. Gözləntimiz qələbədir. Haiti millisi ilə matçda mütləq qələbə qazanmalıyıq. Təbii ki, zəif rəqib deyə bir şey yoxdur. İnanmıram ki, Haiti üzərində asan qələbə qazanaq".
Veteran futbolçu millimizin daha güclü rəqiblərlə qarşılaşmalı olduğunu söyləyib: "Biz də digər millilər kimi inkişaf etməliyik. Millimizi ən azı Gürcüstan yığması qədər güclü görmək istərdim. Haiti ilə ilk dəfə qarşılaşacağıq. Onlarla oynamaq inkişaf demək deyil. Daha güclü rəqiblərlə oynamalıyıq. Güclü rəqibə qarşı oynayanda daha çox təcrübə qazanırsan".
O, "Səbail"in futbolçusu Rüfət Abdullazadənin milliyə dəvət olunmamasına çox təəccüblənib: "Baş məşqçinin çox da seçim şansı yoxdur. Başqa dəvət olunası futbolçular olduğunu düşünmürəm. Amma bir futbolçunun çağırılmamasına çox təəccübləndim. Məncə, "Səbail"in futbolçusu Rüfət Abdullazadə milliyə dəvət almalı idi. Oyununu bəyəndiyim çox yaxşı futbolçulardan biridir. Mən onu daha yaxşı klublarda görmək istəyərəm. Deyə bilərəm ki, yerli futbolçular arasında ən bəyəndiyim futbolçudur".
Akif ƏHMƏDOV