"Çalışırıq ki, qələbə qazanmadığımız halda məğlub da olmayaq"
“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyevin Sportlife.az-a müsahibəsi:
“Zirə” ilə oyun sizin üçün necə keçdi? Nəticəni sərfəli saymaq olar?
- Səfərdə oynayırdıq. Bilirdik ki, “Zirə” də meydana qələbə üçün çıxacaq. Onlar da bizə yaxınlaşıb xal fərqini azaltmaq istəyirdi. Düzdü, biz də qələbə qazanmaq istəyirdik. Xalımızı artırmağı düşünürdük. Çalışırıq ki, qələbə qazanmadığımız halda məğlub da olmayaq. Şükürlər olsun ki, komanda matçda düzgün oynadı. Məğlub olmadıq və səfərdən bir xalla qayıtdıq. Xalımızı biraz da artırdıq.
Növbəti tur sizi "Neftçi" ilə oyun gözləyir. Tovuzda azarkeşlərinizin önündə gərgin görüş olacaq. Gözləntilərin nədir?
- Gələn tur evdə doğma azarkeşlərimizin önündə oynayacağıq. İlk dövrənin son oyunudur, çalışacağıq ki, maksimum yaxşı nəticə əldə edib, rəqiblərimizdən biraz da aralanaq. “Neftçi” də son turda qələbə qazanıb. Çempionatın ən yaxşı komandalarından biridir. Ən yaxşısını edib, azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Şəhriyar, mövsümöncəsi komandadan bu qədər uğurlu çıxış gözləyirdin?
- Komandada ötən mövsümlə müqayisədə heyətdə çox da dəyişiklik edilmədi. Çalışırıq ki, maksimum yuxarı pillələrə qalxaq. Sona qədər bu tempi qoruyub mümkün qədər çempionatı ən yaxşı yerdə bitirmək istəyirik.
Sən özün də bütün oyunlarda oynamısan. Sənin üçün ilk dövrə necə keçdi?
- İlk dövrədəki bütün oyunlarda iştirak etmişəm. Ağır oyunlarımız oldu, məğlub olduğumuz oyunlar oldu. Mən də çalışıram, bu tempimi qoruyum. İnşallah davamını gətirərik.
Denis Marandiçinin zədəsi komandaya psixoloji cəhətdən təsir etdi?
- Əlbəttə. Zədə almağı bizdə də üzüntü yaratdı. Komanda olaraq Denisin yanındayıq. İnşallah tez bir zamanda zədəsini sağaldar və bizə qoşular. Hər kəs onun meydanlara tez qayıtmağı üçün duaçıdır.
Azərbaycan millisi Fransa/Xorvatiya, Ukrayna və İslandiya ilə bir qrupa düşüb. Millidən nə gözləməliyik?
- Düşünürəm ki, millimiz ən çətin qruplardan birinə, bəlkə də birincisinə düşüb. Fransa ya da Xorvatiya fərq eləmir. İkisi də güclü rəqibdi. Ağır oyunlar olacaq. Ümid edirəm ki, yaxşı nəticələr qazanacağıq. Ağır qrup olsa da, hər kəs çalışacaq ki, millini layiqincə təmsil edək.
Elnur İsmayılov