"Konfrans Liqasına vəsiqə qazanmaq üçün çox çalışırıq" - MÜSAHİBƏ

  • 17 Aprel 2024, 17:47

“Zirə”nin qapıçısı Tiaqo Silvanın Sportlife.az-a müsahibəsini təqdim edirik.

"Sumqayıt"la oyun necə keçdi?

- Çox maraqlı oyun idi və hər iki komanda qalib gələ bilərdi. Düşünürəm ki, 1-ci hissədə daha üstün çıxış etdik, 2-ci yarıda rəqib reaksiya verdi. 1 xal qazandıq, amma o oyun bitdi. İndi “Neftçi” ilə oyuna diqqət yetirmək vaxtıdır.

Yeri gəlmişkən "Neftçi" ilə oyundan gözləntilərin nədir?

- “Neftçi” çox güclü komandadır. Onlar sadə, lakin effektiv oynayırlar. Biz oyuna ən yaxşı şəkildə hazırlaşırıq ki, qalib gələ bilək. 3 xal qazanmaq üçün oynayacağıq. Biz 2-ci yerə qayıtmaq istəyirik və bunun üçün qalib gəlməliyik. Bu oyuna qətiyyətli şəkildə hazırlaşırıq. Qalib gələ bilərik.

Azərbaycan Kubokunda "Qəbələ" ilə oyun var. Finala çıxmaq şansınızı necə dəyərləndirirsən?

- İlk oyunda qalib gəldik və Qəbələyə üstünlüklə yollanacağıq. Bu, vacibdir. Bu mövsüm ən böyük hədəflərimizdən birinə çox yaxınıq. Kubok oyunları çempionat oyunlarından fərqlidir və biz bilirik ki,  diqqətli olmalı və səhv etməməliyik. Amma finalda olacağımıza inamım böyükdür.

"Zirə" bu mövsüm ən az qol buraxan komandadır. Bunun səbəbi qapıçının güclü olması, yoxsa müdafiəçilərin yaxşı olmasıdır?

- Aydındır ki, müdafiədəki uğurumuz təkcə bir oyunçudan asılı deyil. Bizim müdafiədə uğurumuz hücumçularımız və onların müdafiə üsulları da daxil olmaqla bütün komanda ilə bağlıdır. Önəmli olan odur ki, biz hal-hazırda ən yaxşı müdafiə olunan komandalardan biriyik. Bu faktdır. Biz bu cür davam etmək və yenilməz olmaq üçün daha da çalışmalıyıq.

Mövsümün sonunda "Zirə"ni hansı pillədə görürsən?

- Çempionatı 2-ci yerdə başa vurmaq və kubokun finalına çıxmaq istəyirik. Diqqətimizi buna yönəldirik. Biz Konfrans Liqasına vəsiqə qazanmaq üçün çox çalışırıq.

Qulammirzə Səfərli


Paylaş: