“Qarabağ”la oyuna qorxu ilə çıxmamalıyıq" - MÜSAHİBƏ

 “Qarabağ”la oyuna qorxu ilə çıxmamalıyıq" - MÜSAHİBƏ

  • 21 Fevral 2024, 09:05

“Sumqayıt”ın 30 yaşlı hücumçusu Kasimir Ninqanın Sportlife.az saytına müsahibəsini təqdim edirik:

Premyer Liqanın 23-cü turunda "Turan Tovuz"la üz-üzə gəldiniz və qolsuz heç-heçəyə razılaşdınız. Bu mövsüm oynanan əvvəlki 2 qarşılaşmada da bərabərlik qeydə alındı. "Turan Tovuz"la görüşlərdə qələbə qazanmağınıza mane olan amil nədir?

- Ardıcıl matçlarımız oldu. Oyunlar əlimizdə olan kasad heyətə görə bizim üçün asan keçmədi. Üzərimizdə yorğunluq var. Amma bu, səbəb deyil. Hər matçda digər komandalar qalib gəlmək üçün yaxşı oynayırlar və biz də eynisini edirik. Biz yerli azarkeşlər önündə bütün oyunlarımızı qazanmalıyıq.

Turnir cədvəlində 2-ci sırada yer almısınız. Mövsümün sonuna qədər bu yeri qoruya biləcəyinizə inanırsınız?

- Hazırda ikinci yerdəyik. Amma bizim üçün ən vacib olan daha çox matçda qələbə qazanmaqdır.

Komandanın qarşısına qoyulan məqsəd nədir?

- Komandanın məqsədi turnir cədvəlində ən yaxşı mövqedə qalmaqdır və bütün oyunçular da komandanı qalmaq istədiyi yerdə saxlamağa çalışırlar.

Yenilənən Sumqayıt stadionunda oynamaq necə hissdir? Futbolçular yeni meydançaya alışa bilirlər?

- Çoxlu azarkeş olan böyük bir stadionda oynamaq mənim üçün xoşdur. Bizi stadionda daha yaxşı oynamağa həvəsləndirən isə azarkeşlərdir. Düşünmürəm ki, meydança bizə təsir edir, biz böyük stadionda oynamağa öyrəşmişik.

Gələn turda ölkə çempionatının lideri "Qarabağ"a qarşı çətin oyun gözləyir. Əvvəlki hər iki görüşdə böyükhesablı məğlubiyyət qeydə alınıb. Bu matçdan gözləntilərin nədir?

- “Qarabağ” təkcə Azərbaycanda deyil, beynəlxalq arenada da yaxşı komandadır. Orada oynayan yaxşı oyunçular var və bu, bizi onlara qarşı oynamaqdan qorxutmayacaq. “Qarabağ”la oyuna qorxu ilə çıxmamalıyıq. Ürəyimiz rahat olmalıdır və hər şeydən əvvəl onlara qalib gəlməliyik.

2020-ci ildə "Sivasspor"da top qovarkən Avropa Liqasında "Qarabağ"a qarşı meydana çıxmışdın. Həmin "Qarabağ"la indiki klub arasında fərq hiss olunur?

- Bəli. 2020-ci ildə Avropada “Qarabağ”a qarşı oynamışıq, amma indi əvvəlki oyunçular yoxdur. Dediyim kimi, yaxşı beynəlxalq komandadır və biz artıq eyni çempionatda oynayırıq.

Hidayət Qurbanov


Paylaş: