"2-ci yeri tutmaq "Neftçi" üçün xüsusi nəticə sayıla bilməz" - MÜSAHİBƏ
“Neftçi”nin 26 yaşlı yarımmüdafiəçisi Kilan Lebonun Sportlife.az saytına müsahibəsini təqdim edirik:
"Neftçi"də işlərin necə gedir?
- İşlərimiz qaydasındadır. Hər şey yaxşıdır. Çempionat oyunlarına hazırlaşırıq.
Bakıda hər şey səni qane edir?
- Bəli. Bakı çox xoşuma gəlir. Burada yaşamaq olduqca rahatdır. Ailəm də burada olmaqdan məmnundur.
Son oyunda "Zirə"ni çətinliklə məğlub etdiniz. Ümumiyyətlə, nə vaxt "Neftçi" 3-4 top fərqilə rahat qalib gələcək?
- Bu birbaşa mənə aid sual deyil. Məşqçilər heyəti cavablandırsa, daha yaxşı olar. Amma hazırda futbol o səviyyədədir ki, rahatlıqla hər kəsə qalib gəlmək olmur.
Növbəti turda “Turan Tovuz” komandası ilə oynayacaqsınız. Həmin oyun barədə nə deyə bilərsən?
- Tovuzda oyunlar həmişə çətin olur. “Neftçi” ilə matçlar xüsusi maraq doğurur. Komandamız üçün vacib və çətin oyundur. Təbii ki, qələbə qazanmaq istəyirik.
Hazırda "Neftçi" üçün çətin rəqiblər hansı komandalardır?
- Azərbaycan Premyer Liqasında asan rəqib yoxdur. Bütün qələbələr ciddi əməyin nəticəsində qazanılıb.
Səncə, 2-ci və 3-cü yer "Neftçi" üçün kifayət edir? Yoxsa həmişə çempion olmağı arzu edirsən?
- “Neftçi”yə yalnız çempionluq yaraşır. Digər yerlər təbii ki, “Neftçi”dəki heç kəsi qane edə bilməz. Mövsümün sonunda 2-ci yeri tutmaq "Neftçi" üçün xüsusi nəticə sayıla bilməz.
"Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"la qarşılaşacaq. Finala çıxmağınız nə dərəcədə realdır?
- Əlbəttə ki, hədəf kuboku qazanmaqdırsa, bütün rəqibləri udmalıyıq. Amma indidən “Qarabağ”la oyun barədə düşünmürəm. Komanda olaraq Tovuz səfərini düşünürük.
Qulammirzə Səfərli