Qurban Qurbanov: “Stadiona çatanda dedilər ki, 40 dəqiqə sonra oyun başlamalıdır”

  • 27 Sentyabr 2024, 02:15

- Rəqibi təbrik edirəm. Layiqli qalibiyyət əldə etdilər. Bəlkə də bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Çünki, xeyli sayda şanslarımız oldu. Bu gün həm təcrübə, həm də ustalıq qalib gəldi. Futbolçularıma çox da iradlarım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər.

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Tottenhem"lə matçdan sonra keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra oyunun gec başlamasının onlara necə təsir etməsi barədə danışıb: 

- Təxminən 2 saat yarım yolda olmuşuq. Bu qədər müddətdə avtobusda oturaq vəziyyətdə qalmaq istər-istəməz futbolçuların konsentrasiyasını pozur. Bunu səbəb kimi gətirmək istəmirəm. Amma bu səviyyədə turnirdə belə hallar olmalı deyil. Sadəcə bu ölkənin öz qayda-qanunları var. Polis verilmir, özümüz gəlməliyik. Belə tıxacda, bu cür oyunlarda polisin olması mütləqdir. Çox böyük təsiri oldu. Amma buna görə rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Stadiona çatanda dedilər ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Normal hazırlaşa bilmədik.


Paylaş: