Ayxan Abbasov: "Bilirəm, çətin olacaq"
Azərbaycan Premyer Liqasının XVII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı bunları deyib:
– Ağır oyun oldu. Məyusuq. Fasilədən sonra ilk oyunlar vacib olur. Birinci qola qədər pis oynamırdıq. Artıq neçənci dəfədir, bu halı yaşayırıq. İlk hissənin sonunda qol buraxdıq, fasilə başlayan kimi də rəqib fərqləndi. Bundan sonra geridönüş etmək çətin olur. Məğlubiyyət komanda olaraq ayılmağımıza təsir edəcək. Bəlkə də, futbolçular rahatlanmışdı. Çempionat davam edir, uzun marafon var. Çətin olacaq, bilirəm, amma mübarizə aparacağıq.
– Komandada keyfiyyət görünmürdü…
– Razı deyiləm. 0:4 olsa da, qollara baxsaq, görərik ki, hücumda olan biz idik. Standart vəziyyətlərdən yaxşı istifadə edə bilmədik.
– Kərim Rossi haqda fikirləriniz nədir? Fasilə deyəsən, əleyhinə olub.
– Rossidən də zəif oynayan oyunçular oldu. Gərək yenidən baxıb təhlil edib. Bəzi futbolçular effekt vermədi. İlk qola qədər üstünlük bizdə idi. Bu qoldan sonra ikinci hissədə də buraxdıq və yekunda uduzduq.
– Bu mövsüm autsayderlərə qol vura bilməmisiniz. Komandada diqqət çatışmazlığı var?
– Bariyer var və bunu tullanmalıyıq. Bu matçlarda bunu keçə bilməmişik. Bir çox oyunlarda bu hal olub. “Araz-Naxçıvan”la da son oyunda belə idi. “Kəpəz”lə, “Sumqayıt”la matçda da yaxşı oynasaq da, uduzmuşuq. Futbolçulardan bəlkə də, çox şey istəyirəm. Keyfiyyət amili var. Amma bu işimizdir, təslim olmamalıyıq. Gənc və ya təcrübəli futbolçu fərq etmir. Mübarizəmizi aparmalıyıq.
– Tək sponsorla bariyer aşmaq çətindir…
– Çətindir, baxın, görürsünüz, bu gün itkilərimizin olduğunu demədim. Məcburi dəyişikliklər etmişdik. Qışda güclənməyə ehtiyac olur. Bəlli büdcə ilə çempionata başlamışıq. Gileylənmirik, hədəfimiz məlumdur. İstəyirik ki, yuxarı sıralarda olaq. Alınacaq-alınmayacaq, görəcəyik. Əsas odur ki, Premyer Liqada yerimizi qoruyaq.