Rəşad Sadıqov: "Bazar"da qıtlıqdır"
Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" – "Zirə" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Hər iki komanda üçün qələbə önəmli idi. Oyuna ciddi hazırlaşmışdıq. Strateji oyun olacağını bilirdik. İlk hissədə taktiki mübarizə getdi. İkinci hissədə sürətli, açıq oyun oldu. Qol epizodları olsa da, hesab açılmadı. Maraqlı oyun alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlarda dəqiq olsaydıq, burdan üç xalla ayrıla bilərdik. Ümumi götürəndə futbolçularımın istəyi, arzusu məni qane etdi.
– Mövsümün gedişindəki kubok və liqadakı “Neftçi”yə qarşı oyun, yoxsa bugünkü daha çətin keçdi?
– Bu oyun. Rəqibin ciddi hazırlaşacağını bilirdik. Təəssüf ki, meydança sulanmamışdı və bu, oyuna təsir edirdi. Komandalar pressinqə məruz qalanda uzun ötürmələrə üstünlük verirdi. Bugünkü “Neftçi”yə qarşı oyun daha çətin idi.
– Rüfət Abdullazadənin toplanışa qoşulmaması adaptasiyasına necə təsir edəcək?
– Çox istərdik ki, tez uyğunlaşsın. Toplanışda olmasını istərdik, amma müəyyən problemlərə görə alınmadı. Rəsmi oyunlarda formasını yığıb, fayda verə biləcək oyunçudur.
– Klubların qış transfer dönəmində passiv olması nə ilə bağlıdır?
– Bir çox səbəblər var. Birincisi, komandalar mövsümün əvvəlində kifayət qədər transfer edib, maliyyə sərf edib. Həm də artıq limitə görə rüsumlar tətbiq edilir. Qərar verəndə bunun da təsirləri olur. Həm də “bazarda” qıtlıqdır. Hər il eşidirik ki, hardasa klublar daha aktiv olur, legionerlər ora üz tutur. Dünya futbolunda da hazırda belə problemlər var. Futbol çox inkişaf etdi. Amma “bazarda” məhsul yetərincə deyil.
– Qələbə, ya heç-heçə üçün gəlmişdiniz?
– Qələbə qazanmaq istəyirdik, amma rəqibin kim olduğunu başa düşürdük.