Vernidub: "Səhv etmək şansımız yoxdur"
Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” – “İmişli” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib
– Meydana hücumçusuz çıxıb, 6 qol vurursunuz. Bu, necə alındı?
– Həm Sambu, həm Abubakar zədələnib. Bir Ağadadaş Salyanski və Alessio Kurçi qalmışdı. Kurçi cinahlarda daha effektiv olur. “Qəbələ” ilə matçda Freddi Varqası hücumda oynatmışdıq. Bu gün də yoxladıq və pis alınmadı. Futbolçulara təşəkkür edirəm, arzulu idilər və gözəl əhvalları var idi. Bundan əvvəl “İmişli”yə qalib gələ bilməmişdik. Borcumuzu qaytarmalıydıq. Futbolçulara minnətdaram. Həm də qarşıdan istirahət vaxtı gəlir. 3 gün dincələcəklər. Bundan sonra hazırlaşacağıq. Səhv etmək şansımız yoxdur. Avrokuboklara vəsiqə qazana bilmək üçün səhv etməməliydik. Qarşıda əsas rəqiblərlə oyunlarımız var. Bu matçlarda xarakter görəcəyik.
– Ağadadaş Salyanski demək olar, şans qazanmır. Rəqabətdə çox geri qalır?
– Hamıya şans verilir, ona da veriləcək. Baş məşqçi mənəm. Gördüyüm odur ki, indiki rəqabətdə o, digər futbolçulara uduzur. Gənc futbolçudur. Karyerası hələ qabaqdadır. Ona ümidlərim var. Çox məşq edərək, şanls əldə edəcək. Bəzi anlarda səbr etmək lazımdır. Başa düşürəm, hamı oynamaq istəyir.
– “İmişli” ilə 2 oyunda 5 xal itirmişdiniz. Bu gün 6 qol vurdunuz. Əvvəlki matçlardakı nəticələrin günahkarı kimdir?
– Komanda uduzursa, günahkar məşqçidir. Qələbə olarsa, səbəbkar futbolçulardır. Burda işə başlayandan cəmi bir dəfə uduzmuşuq. Əlimizdən gələni edirik. Məğlubiyyətlər futbolun bir parçasıdır. Lakin əsas odur ki, məğlubiyyətləri həzm edəsən və yoluna davam edəsən. Komandanın reaksiyası da önəmlidir. Məğlubiyyətdən sonra ardıcıl 2 oyunu qazanmışıq.
– “İmişli” sıx müdafiəsi ilə bilinən komandadır. Bu gün onlara 6 qol vurdunuz. Növbəti matçlarda Abubakar və Sambu hazır olsalar belə, bugünkü taktikanı görə bilərik?
– Hər rəqibimizi təhlil edirik. Baxırıq, rəqib 4, ya 5 müdafiəçi ilə oynayır. Bunlar arasında fərqlər var. Strategiyamızı da bunlara uyğun qururuq. Rəqibləri ciddi araşdırırıq. Hətta, gecə 2-3-ə kimi təhlillər aparırıq. Heç də asan iş deyil. Kənardan asan görünə bilər, amma çətindir. Futbolu sevirsənsə, çalışmalısan.
– Freddi Varqas bu gün ən yaxşılardan idi. Həmişə belə oynamağa nə çatmır?
– Bu sualı ona verin. Çox texnikalı və istedadlı oyunçudur. Öz işinə daha ciddi və əzmlə yanaşsa, gözəl oyun sərgiləyər. Hər futbolçunun öz xasiyyəti var. Onlarla fərdi danışmaq lazımdır. Varqas çox çalışdı və göstərdi ki, istedadlı oyunçudur. Emil Səfərov da onun kimidir. Dayanmasa, o da çox gözəl futbolçu olacaq.