Bədii gimnastlarımız "Montenegro Cup" beynəlxalq turnirində uğurla çıxış ediblər

  • 13 İyun 2023, 16:04

Monteneqronun Budva şəhərində bədii gimnastika üzrə "Montenegro Cup" beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi “Ocaq Sport” Klubunun, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbi - BGM) və Respublika Kompleks İdman Məktəbinin (RKİM) gimnastları uğurla təmsil ediblər.

Sportlife.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, BGM idmançıları ümumilikdə 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Məktəbin yetirmələrindən Nuray Qasımzadə (top), Melisa Həsənli (top), Amina Novruzova (çoxnövçülük, alətsiz, top, gürzlər), Hülya Namazlı (top), Ləman Qədimova (gürzlər), Selin Qasımlı (gürzlər) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüblər. Melisa Həsənli (gürzlər, çoxnövçülük), Zəhra Qasımlı (alətsiz, top), Ayan Nəsirova (top, gürzlər) gümüş, Zəhra Qasımlı (halqa, çoxnövçülük), Mədinə Hüseynova (çoxnövçülük, gürzlər) bürünc medal qazanıblar.

“Ocaq Sport” klubunun təmsilçilərinin bu yarışda qazancı 8 qızıl, 1 gümüş medal olub.

Fatimə Həsənova (çoxnövçülük, alətsiz, top), Selin Yusifova (gürzlər), Gültəkin Vəliyeva (alətsiz), Məryəm Baloğlanova (çoxnövçülük, alətsiz, halqa) qızıl, Məryəm Baloğlanova isə topla hərəkətlərin icrasında gümüş medala sahib olublar.

RKİM gimnastı Nur Sadıqova halqa ilə qızıl, gürzlər isə bürünc medala sahib çıxıb.


Paylaş: