"Barselona"dan UEFA-ya şikayət
"Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə ilk oyunundakı (0:2) hakimliklə bağlı UEFA-ya şikayət ərizəsi göndərib.
Sportlife.az xəbər verir ki, kataloniyalılar rəqibin müdafiəçisi Mark Pubilin topa əllə toxunuşuna görə penalti təyin olunmamasından narazıdır. Pubil qapıçı Xuan Mussonun ona ötürməsindən sonra cərimə meydançasında topa əli ilə müdaxilə edib.
"Barselona" hakimin bu qərarının qanunsuz olduğunu, matçın gedişatına və nəticəsinə birbaşa təsir etdiyini düşünür. Buna görə də klub araşdırma aparılmasını, hakimlərin söhbətlərinə girişin təmin edilməsini və zərurət yarandıqda səhvin rəsmi olaraq tanınmasını və müvafiq tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 14-də Madriddə keçiriləcək.