Santuş üçün yeni iş yeri
Qana Futbol Assosiasiyası (GFA) DÇ-2026-nın startına az qalmış milli komandaya yeni baş məşqçi gətirməyi planlaşdırır.
Sportlife.az xəbər verir ki, Otto Addonun istefasından sonra vakant qalan posta 3 tanınmış portuqaliyalı mütəxəssisin namizədliyi nəzərdən keçirilir.
Siyahıda Azərbaycan millisinin sabiq çalışdırıcısı Fernandu Santuş, Karluş Keyroş və Paulu Bentu yer alıb. Hər üç mütəxəssis beynəlxalq səviyyədə, xüsusən də dünya çempionatlarında böyük təcrübəyə malikdir.
Santuş ötən ilin sentyabrında uğursuz nəticələrə görə Azərbaycan yığmasından qovulduqdan sonra hazırda işsizdir. Keyroş son olaraq Oman, Bentu isə BƏƏ yığmasını çalışdırıb. GFA-nın turnir öncəsi komandada sabitlik yaratmaq üçün qısamüddətli müqavilə variantını da dəyərləndirdiyi bildirilir.
Qeyd edək ki, Qana millisi ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026-da L qrupunda İngiltərə, Panama və Xorvatiya ilə mübarizə aparacaq. Komanda turnirdəki ilk oyununu iyunun 17-də Panamaya qarşı keçirəcək.