Çempionlar Liqası “Real”lıqdır

  • 9 May 2024, 12:26

Çempionlar Liqası “Real”lıqdır. Elə sözün hər iki mənasında... Bunu ötən gecə “Santyaqo Bernabeu”dakı matçda da gördük.

Madrid klubu elə aura yaradıb ki, Çempionlar Liqasının yarımfinalında “Real” - “Bayern” matçında meydan sahibləri geridə olarkən belə ən pessimist azarkeş də Ançelottinin nəsə edib, finala çıxacağına ümidli idi. Belə də oldu. Bəlkə də, bütün oyunu əla keçirən Noyerin ağlasığmaz səhvi, hakimin son epizodda “Bayern”in qoluna mane olan vaxtından əvvəl səslənmiş fiti taleyin “Real” üçün bir oyunu idi...

Son 15 oyunda zədələrlə və yalnız 1 qolla yadda qalan Xoselu adını tarixə yazdırdı. Özü də dubl etməklə... Matçın qəhrəmanı Xoselu olsa da, bu qələbəni ən fəal futbolçu Vinisus Juniorun adına yazmaq olar.

Yazı demişkən, Vinisiusun formasının altında “PRAY FOR RS” qeydi diqqətdən qaçmadı. Qol vura bilmədiyi üçün yazını nümayiş etdirməyə fürsət tapa bilməyəcəyini güman edən braziliyalı epizodların birində təsadüfən (bəlkə də təsadüf deyildi) köynəyini qaldırır və yazı kameraya düşür. Mənası isə “Rio Qrande-du-Sula dua et” deməkdir. Futbolçu bununla da dünyanın bir hissəsinin diqqətini son günlər daşqınlardan əziyyət çəkən Braziliya ştatı Rio Qrande-du-Sula çəkməyi bacardı...

Dünyanın tam hissəsinin diqqəti isə iyunun 1-də “Uembli”də olacaq. Əzəmətli arenada finalçılar – “Real” və Dortmund “Borussiya”sı üz-üzə gələcək. Həlledici qarşılaşmada bütün bukmeker kontorları (mərc operatorları) “Real”ı açıq-aşkar favorit görür. Dortmundluların builki səviyyəsini nəzərə alsaq, elə tam rahatlıqla demək olar ki, Çempionlar Liqası “Real”lıqdır...

 

Qulammirzə Səfərli


Paylaş: