Qleb: "Qarabağ” kimi yeni qəhrəmanlara ehtiyac var"

  • Bu gün, 17:15

Belarus millisinin, “Barselona” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb Çempionlar Liqasının ümumi mərhələsinin yekunları və pley-off mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, 44 yaşlı futbol adamı bu barədə Rusjyanın “Sport-ekspress” qəzetinə müsahibəsində danışıb. O, Azərbaycan çempionu “Qarabağ”ın uğurlarına da toxunub.

Veteran futbolçu “Ayaks”, “Napoli” və “Marsel” kimi nəhənglərin kənarda qaldığı halda, “Qarabağ” və “Budyo-Qlimt”in pley-offa yüksəlməsini ədalətli hesab edib. O, futbolun yeni qəhrəmanlara ehtiyacı olduğunu vurğulayıb: "Əgər ora düşüblərsə, deməli, buna layiq olublar. Böyük ad özü-özlüyündə nə oyunları, nə də turnirləri qazandırır, baxmayaraq ki, rəqiblərə müəyyən təsir göstərir. Amma axı həmişə eyni komandalar diqqət mərkəzində qala bilməz. Yeni qəhrəmanlara da ehtiyac var! “Budyo-Qlimt” və “Qarabağ”ın özlərindən gur səslə söz etdirməsi yaxşıdır. Bu, savadlı məşqçilər, motivasiyalı futbolçular və keyfiyyətli seleksiya olduqda Avropada müəyyən uğurlar qazana biləcək digər güclü komandalar üçün əla nümunədir".

Qleb “Qarabağ”ın növbəti mərhələ şanslarını da real qiymətləndirməyə çalışıb. O, Ağdam klubunu “Nyukasl”la ağır oyun gözlədiyini, lakin itiriləcək heç nəyin olmadığını bildirib: "Açığı, onların 1/8 finala yüksələcəyini təsəvvür etmək mənə çətindir. Bu komandaları aşkar favoritlərlə - norveçliləri “İnter”lə, azərbaycanlıları isə “Nyukasl”la oyunlar gözləyir. Digər tərəfdən, belə komandaların itirəcəyi bir şey yoxdur, iştah isə yemək zamanı artır. Pley-off mərhələsində ustalıqdan başqa bəxt də çox böyük rol oynayır. Bəzən hər şeyi şansla birbaşa bağlı olan ayrı-ayrı epizodlar həll edir".


Paylaş: