Qurban Qurbanov: "Bu, böyük nailiyyətdir"

  • Bu gün, 11:29

"UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağımız Azərbaycan futbolu üçün böyük nailiyyətdir".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis komandanın UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb: "Çox sevinirik. Klub olaraq bu illər ərzində əziyyət çəkmişik. Turnirin 22-ci komandası olduq. Xalqımızı və futbolçuları təbrik edirəm".

Təcrübəli mütəxəssis pley-offdakı potensial rəqibləri dəyərləndirib: "Elə səviyyədə komandalar var ki, onları bir-birindən ayırmaq olmaz. Maksimum mübarizə aparmağa çalışacağıq".

Qurban Qurbanov sonda azarkeşlərə də müraciət edib: "Onlara təşəkkür edirəm. Bizə əlavə motivasiya verirlər. Bu uğur onların haqqıdır. Bir daha göstərdilər ki, bizim yanımızdadırlar".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.


Paylaş: